Roma Papası Frensisk öskürək və halsızlıq səbəbindən evdən bayıra çıxmır, Kilsə işlərini isə evdən idarə edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Vatikandan verilən açıqlamada bildirilib. BBC-nin xəbərinə görə, bir neçə gün əvvəl xidmət əsnasında onu öskürək tutub. Xidmətdən öncə isə o, dindarlarla görüşərək onların əlini sıxıb. Xəbərdə o da bildirilir ki, hələ gənc yaşlarında pontifik ağır xəstəlik üzündən ağ ciyərinin bir hissəsini itirib.
Əslində Vatikanın açıqlamasında koronavirusun adı keçməsə də, onun dindarlarla təmas nəticəsində virusa yoluxa biləcəyi istisna olunmur. Məsələ burasındadır ki, koronavirusla çalxalanan İtaliya Vatikanın qonşuluğunda yerləşir və o üzdən bu ölkədə sürətlə yayılan xəstəliyin qonşu dövlətə keçməsi gözləniləndir.
Xatırladaq ki, hazırda İtaliyada koronavirusa yoluxanların sayı 655 nəfər təşkil edir, 17 nəfər isə dünyasını dəyişib.