Xəbər verildiyi kimi, Suriyanın İdlib bölgəsində Əsəd rejiminin hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Hücumun ardından Türkiyə, Avropaya getmək istəyən bütün qaçqınlara sərhəd qapılarını açaraq, qurudan və dənizdən onlara heç bir maneçilik törədilməyəcəyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyənin “Avropa Birliyi ölkələrinə getmək istəyən qaçqınları dayandırılmayacaq” qərarından sonra Türkiyənin müxtəlif bölgələrində olan qaçqınlar Avropa sərhədlərinə yaxınlaşmağa başlayıb. Yunanıstana getmək üçün kütləvi şəkildə Ədirnəyə axışan qaçqınlar Kapıkulə sərhəd-keçid məntəqəsinə doğru gedirlər.
Şəhərdə qrup halında toplaşan qaçqınların Ədirnəyə İstanbuldan taksilərlə gəldikləri bildirilir.
Bundan başqa, Avropaya dəniz yolu ilə getməyə çalışanların Çanaqqala vilayətinə getdiklərinə dair də xəbərlər yayılıb.
Qeyd edək ki, Türkiyə tərəfindən Avropaya getmək istəyən qaçqınlar üçün verilən bu qərar tək suriyalılar deyil, digər miqrantlara da şamil edilir.
Türkiyənin qərarından sonra Avropa Birliyi ölkələrini yeni miqrant axını qorxusu bürüyüb. Artıq Yunanıstan və Bolqarıstan Türkiyə sərhədi istiqamətində tədbirlərin artırılacağını bildirib.