ABŞ Maliyyə Nazirliyinin İran, Türkiyə və Birləşmiş Ərəb Əmrliklərindən (BƏƏ) 25 şirkət və şəxsə qarşı sanksiya qərarı açıqlamasından sonra, nazirliyin rəsmisi Siqal Mandelker məsələ ilə bağlı yeni açıqlama verib.
Baki-xeber.com xəbər veri ki, Mandelker, İran tərəfindən, sanksiyalardan yayınmaq üçün qurulan “geniş miqyaslı bir şəbəkə” aşkarladıqlarını deyib.
Mazirlik rəsmisi, bu şəbəkənin İran, Türkiyə və BƏƏ-dəki bəzi şirkətlərdən ibarət olduğunu söyləyib. Şəbəkənin fəaliyyətini “İran rejiminin sanksiyalardan yayınma aləti” kimi təsvir edən Mandelker,
şəbəkənin mərkəzində İran İslam İnqilabı Keşikçilərinın nəzarətində olan Ansar Bankı və xarici valyuta əməliyyatlarını həyata keçirən bir qurumun yer aldığını deyib. Onun sözlərinə görə, bu fəaliyyətlərə zərbə vurmaq üçün, 25 şirkət və şəxs ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına salınıb.
Mandelker məsələ ilə bağlı Türkiyəyə də mesaj verib: "Digər ölkələrə olduğu kimi Türkiyəyə də mesajımız, sanksiyaların aqressiv şəkildə tətbiq olunmasıdır... Biz, şirkətlərin ya da ölkələrin, bilərəkdən ya da bilməyərəkdən, İran rejiminin hiyləsi olduğuna inandığımız bir şəbəkədə yaxalanmalarını görmək istəmirik. Eynilə iki gün əvvəl hərəkətə keçərək bu valyuta şəbəkəsində iştirak edən türk şirkətlərini sanksiya siyahısına saldığımız kimi, gələcəkdə də İran İslam İnqilabı Keşikçiləri, Qüds Qüvvələri, İran Müdafiə Nazirliyi və İran rejimilə əlaqəsi olanların fəaliyyətlərinə dəstək verən digər şirkətlərə də tətbiq edəcəyik”.