Rusiya ABŞ-a iki nota verib. Notalar Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən ABŞ müdafiə naziri Ceyms Mattisə göndərilib. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, notalar 3 gün əvvəl ABŞ-ın Rusiyadakı hərbi attaşesinə təqdim edilib
Ilk notada Suriyada Fəratın şərqində ABŞ-ın nəzarəti altında olan ərazilərdə artan kürd-ərəb qarşıdurması ilə bağlı narahatlıq dilə gətirilir. Fıratın şərqində, ABŞ-ın dəstəyi ilə qurulan özünü idarəetmə bölgələrinin Suriyada dinc həyatın bərpasına və iqtisadi infrastrukturun inkişafına heç bir əhəmiyyətli təsir göstərmədiyi bildirilir. Qeyd edilir ki, ABŞ-ın göz yumduğu karbohidrogen ehtiyatları qaçaqmalçılığı iqtisadiyyatın bərpasına mənfi təsir göstərir.
“ABŞ-ın rəhbərlik etdiyi koalisiya altı aydır Hacin yaxınlığındakı İŞİD terrorçularını məğlub edə bilməyib. Fəratın şərq sahilində 9 yaşayış yeri hələ də 2 min terrorçunun nəzarətinə qalıb. Koalisiyanın bombardmanları nəticəsində son aylarda ən azı 1500 mülki şəxs həlak olub” – notada deyilir.
Şoyqunun ABŞ-ın müdafiə nazirinə mesajında çətin şərtlərdə yaşayan 50 mindən çox suriyalının Rukban qaçqın düşərgəsində olan problemlərinə də diqqət çəkilir. Notada Amerikanın Et Tanıfdaki hərbi bazası və bölgədə ABŞ-ın nəzarəti altında olan silahlı qrupların Rukban düşərgəsindəki qaçqınların yardımları qəbul etməsi və onların evlərinə qayıtmasında əsas maneə olduğu bildirilir.
İkinci notada isə rusiyalı nazir amerikalı həmkarına orta və yaxın mənzilli raketlər barədə müqavilə ilə bağlı tərəf arasında fikir ayrılıqlarını müzakirə etməyi təklif edib.