Fransada yanacağın bahalaşmasına qarşı başlayan və sonradan prezident Emmanuel Makron hakimiyyətinə qarşı üsyana çevrilən nümayişlər bu gün yenidən başlayıb. baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hökumətin “aksiyaları dayandırın” çağırışlarına baxmayaraq, "sarı jiletlilər” yenidən küçələrə çıxıblar.
Makronun vədlərinin yetərsiz olduğunu deyən fəallar Parisdə, Şanzelize prospektində (Yelisey çölləri) və Opera meydanında etirazların beşinci həftəsində yenidən yürüşə başlayıblar. Polis onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra etirazçılar Yelisey sarayına doğru gediblər. Burada da ərazi polis tərəfindən mühasirəyə alınıb.
Ötən həftədəkinə görə, sayları az olan nümayişçilərlə polislər arasında tez-tez qarşıdurmalar baş verir. Son məlumatlara görə, polis yüzə yaxın nümayişçini saxlayıb.
Etirazlar səbəbindən ölkədə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. Etiraz aksiyaları səbəbindən Parisin mərkəzi hissəsində təqribən 40 metro stansiyası, həmçinin RER şəhərətrafı elektrik qatarları sisteminin 8 stansiyası bağlanıb.
Paris Nəqliyyat İdarəsi yerüstü nəqliyyatın 54-cü xəttində, eləcə də Şarl de Qoll və Orli hava limanlarında xüsusi ekspreslərin hərəkətində ciddi pozuntuların gözlənildiyini bildirib.
Polis digər şəhərlərdə də aksiya keçirildiyini və təxminən 16 min insanın küçələrə çıxdığını bildirir.
Qeyd edək ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jiletlilər" hərəkatı noyabrın 17-də başlayıb. Fransa hüquq-mühafizə orqanları tərəfindən indiyədək 4500 çox nümayişçinin saxlandığı bildirilir.