ABŞ-la Çin arasında gərginlik yeni mərhələyə daxil olur. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumat yayan “Wall Street Journal” qəzeti ABŞ-ın Çinə qarşı müharibəyə başlamaq ərəfəsində olduğun yazıb.
Qəzet həqiqi müharibənin başlamaq üzrə olduğunu və Vaşinqton-Pekin arasında ticarət müharibəsinin də bunun yalnız bir hissəsi olduğunu yazıb.
Iddialara görə Vaşinqton Pekini iqtisadi və kiber casusluqda ittiham etməyə hazırlaşır. ABŞ hökuməti Pekinə qarşı Amerikanın ticarət sirlərini və həssas texnologiyasını oğurlama, hökumət və özəl şirkətlərə məxsus kompüterlərdə həssas məlumatları əldə etmə kimi ittihamlar yönəldəcək.
Bu plan çərçivəsində yaxın günlərdə bir neçə ABŞ dövlət qurumunun Pekinə qarşı hərəkətə keçəcəyi gözlənir. İlk həmlənin də ABŞ Ədliyyə Nazirliyindən gələcəyi deyilir. Nazirlik Çin kəşfiyyatına çalışan və ABŞ-a qarşı casusluq etdiyi iddia edilən hakerlərlə bağlı ittihamnamə hazırlayır.
Vaşinqtonun hədəfində prioritet qurum isə Çinin kəşfiyyat və təhlükəsizlik təşkilatı olan Dövlət Təhlükəsizlik Nazirliyidir.
Qəzetin məlumatına görə, Vaşinqtonun Pekinə qarşı daha aqressiv siyasət aparmaq qərarı bir neçə nazirlik tərəfindən qəbul edilib. ABŞ rəsmilərindən biri isə yeni strategiyanın, Pekinin Vaşinqtonun texnologiya sahəsində lider mövqeyini ələ keçirmək cəhdlərinə cavab olduğunu deyib.
Qeyd edək ki, ABŞ-da "Marriott" otelinin də çinli hakerlər tərəfindən hədəfə alındığı iddia edilib. Amerika mediasında çıxan xəbərlərə görə, Çin Dövlət Təhlükəsizlik Nazirliyinə bağlı hakerlər məşhur mehmanxananın məlumat bazasında qeydiyyatda olan 500 milyon insanın məlumatlarını əldə edib. Çinli hakerlərin sağlamlıq sığortası və təhlükəsizlik məlumatlarını da əldə etdiyi bildirilir.