Rusiya birgə hərbi təlim çərçivəsində Venesuelaya nüvə raketləri daşıya bilən iki döyüş təyyarəsi göndərib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, təlimlər ABŞ sanksiyalarına görə ağır günlər keçirən ölkəyə dəstək məqsədi daşıyır.
Rusiya Müdafiə Nazirliyinin bu barədə yaydığı açıqlamada bildirilir ki, “Tu-160” növ 2 döyüş təyyarəsi 10 min km-lik uçuşdan sonra Venesuelanın paytaxt şəhəri yaxınlığındakı Maiquetia bölgəsindəki Simon Bolivar Beynəlxalq Hava Limanına eniş edib.
Təyyarələrin silah daşıyıb daşımadığına yaxud da ölkədə nə qədər müddətinə qalacaqlarına dair heç bir məlumat verilmir. Bombardman təyyarələrini hava limanınadək bir yük təyyarəsi və sərnişin təyyarəsinin müşayiət etdiyi də bildirilir.
5 min 500 km mənzili olan klassik yaxud nüvə başlıqlı kruiz raketləri daşıya bilmə qabiliyyətinə malik, NATO tərəfindən kod adı “Blackjack” olan “Tu-160” döyüş təyyarələri səs sürətinin 2 qatınadək sürətlə uça bilir. Sözügedən təyyarələr Suriyadakı əməliyyatlarda da istifadə olunub.
Rus mətbuatı təyyarələrin hava limanında Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez tərəfindən qarşıladığını bildirir. Müdafiə naziri Rusiya təyyarələrinin gəliş məqsədinin provakasiya məqsədi daşımadığını deyib.
Buna baxmayaraq, ABŞ məsələyə sərt reaksiya verib. ABŞ dövlət katibi Mayk Pompeo rəsmi “Twitter” hesabında bununla bağlı yazıb: "Rusiya rəhbərliyi dünyanın digər tərəfində Venesuelaya iki bombardmançı göndərdi. Rusiyanın və Venesuela xalqı vəiyyəti olduğu kimi açıq görməlidir - iki korrupsiyaya uğramış hökumət, xalqlar əziyyət çəkərkən dövlət fondlarını boş yerə sərf edir və insan azadlıqlarını məhv edirlər".
Kremldən isə Pompeonun açıqlaması "diplomatiyadan kənar" bəyanat kimi qiymətləndirilib.
Pentaqon sözçüsü Robert Manninq isə, Rusiyanın, Venesuelada humanitar bir faciə yaşandığı bir vaxta bu ölkəyə hərbi təyyarə göndərməsinin uyğunsuz olduğunu deyib.
ABŞ-ın Kolumbiyaya qaçan Venesuela vətəndaşları üçün xəstəxana gəmisi göndərdiyini deyən Pentaqon sözçüsü “buna qarşılıq, Rusiya insan əli ilə yaradılan bu fəlakətə yardım etmək əvəzinə bölgəyə hərbi yəyyarələr göndərir” deyib.
“Guardian” qəzeti yazır ki, Venesuela prezidenti Nikolas Maduronun Moskvaya səfərindən sonra bu addımın atılması ilə Rusiya Vaşinqtona "Venesuela yalnız deyil" mesajını verir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ müdafiə naziri Ceyms Mattis Maduronu ölkəsini fəlakətə sürükləyən məsuliyyətsiz diktator adlandıraraq sonunda getmək məcburiyyətində qalacağını demişdi.