Fransa prezidenti Emmanuel Makonun verdiyi bəyanat "sarı jiletlilər"i təmin etməyib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı gödəkcəlilər" Makronun minimum əməkhaqqının 100 avro artırılacağı, 2 min avrodan az olan təqaüdlərdə artıq kəsintilərin olmayacağına dair açıqlamalarının onları qane etmədiyini bildiriblər.
"Sarı gödəkcəlilər"in sözçülərindən biri Erik Drue Makronun aksiyaların əvvəlindən etibarən onalara ciddi yanaşmadığını söyləyib və nümayişçiləri şənbə günü yeni bir aksiyaya dəvət edib.
Qeyd edək ki, Makron "sarı gödəkcəlilər"in etirazları ilə bağlı verdiyi bəyanatda iqtisadi fövqəladə vəziyyət elan edəcəyinin söyləmişdi.
Qeyd edək ki, noyabrın 17-də Fransada yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq başlayan "sarı gödəkcəlilər" adı almış aksiyalar ölkədə son illərin ən şiddətli etirazına çevrilib. Nümayişçilər Makrondan yanacaq vergilərinin azaldılmasını və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər.
Dekabrın 1-də paytaxt Parisin Yelisey çölləri prospekti (Champs-Elysees) ətrafında minlərlə insanın iştirak etdiyi aksiyada polisin nümayişçilərə sərt müdaxiləsi, küçələrdə maşınların və zibil konteynerlərinin yandırılması, iş yerlərinin talan edilməsi, qısa fasilələrlə səs bombalarının partladılması və alovların yüksəlməsi şəhərdə xaosun yaranmasına səbəb olmuşdu.
Hökumət yanacağın bahalaşmasının 2019-ci il üçün dondurulduğunu açıqlayıb, lakin nümayişçilər bunun kafi olmadığını bildirərək, nümayişləri davam etdirmək qərarına gəlmişdilər.