Fransada həftələrdir gündəmdə olan “sarı gödəkcəlilər”in sayca dördüncü böyük etiraz aksiyaları keçirilir. Baki-xeber.com xəbər verir ki, “sarı gödəkcəlilər” yanacağın bahalaşmasına qarşı paytaxt Parisdə başladığı aksiyalar bütün Fransanı bürüyüb.
Parisin müxtəlif yerlərində bir araya gələn etirazçılar qrup şəkilində şəhərin məşhur Şanzelize prospektində (Yelisey çölləri) yürüşü zamanı polislə qarşıdurma yaranıb. "Euronews" etirazçıların Yelisey Sarayına yürüş etmək istədiklərini xəbər verir.
Şanzelize prospekti polis tərəfindən blokadaya alınıb və etirazçılara sərt müdaxilə ilə bağlı xəbərdarlıq edilib. Şəhərin küçələrində ağır texnika da çıxarılıb.
“Makrona istefa”, “Qoyun deyilik” şüarları səsləndirən etirazçılara gözyaşardıcı qaz və səs bombalarından istifadə edərək sərt müdaxilə edib və Paris küçələri “döyüş meydanına” çevrilib. Polislə toqquşmalara girən etirazçılar Paris küçələrində yol kənarlarındakı zibil qutularını və avtomobilləri yandırıblar.
Son məlumatlara görə mindən çox etrazçı həbs edilib, yüzdən çox yaralı var.
Nazir etirazları “nəzarətdən çıxan canavara” bənzətdi
Fransanın daxili işlər naziri Kristofer Kastaner hadisələri nəzarətdən çıxan canavara bənzədib: “Hadisələr nəzarətdən çıxan canavar yaratdı. Hadisələr son həftələrdə yuvadan qaçan bir canavar doğurdu”.
Etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib, zirehli maşınlar hazır vəziyyətə gətirilib.
Şəhərdəki ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb.
Dükanların çoxu zərərin qarşısını almaq məqsədilə nümayişlərdən öncə pəncərələrini və qapılarını müxtəlif materiallarda örtüb. Polis şəhərin geniş küçələrini kordona alıb. Polis küçədən etirazçılar tərəfindən silah kimi istifadə edilə biləcək materialları da yığışdırıb. Bura küçə kafelərinin oturacaqları və masaları da daxildir.
Tramp Fransadakı etirazlara münasibət bildirdi – “Məni istəyirlər”
ABŞ prezidenti Donald Tramp Fransada bahlaşmaya qarşı “sarı gödəkcəlilər” kimi tanınan hərəkatın başlatdığı etiraz aksiyalarına münasibət bildirib.
Tramp bu barədə Twitter hesabında yazdığı mesajında etirazçıların “Trampı istəyirik” şüarları səsləndirdiyini deyib.
“Paris sazişi Parisin işinə o qədər də yaramadı. Bütün Fransanı etirazlar və iğtişaşlar bürüyüb. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya ölkələrinə çox da pul ödəmək istəmirlər. "Biz Trampı istəyirik!” şüarları səsləndirirlər. Fransanı sevirəm" – Tramp yazıb.
Qeyd edək ki, Fransada bahalaşmaya qarşı həftələrdir “sarı gödəkcəlilər” adı almış etiraz aksiyaları keçirilir.
Belçika və Hollandiyada da qarışdı
Belçika və Hollandiyada da Fransadakı “sarı gödəkcəlilər”ə dəstək məqsədilə aksiya keçirilib. Belçika sarı gödəkcələr geyinmiş nümayişçilər Fransaya gedən yolu bağlayıblar, Brüsseldə isə 50-dən çox etirazçı saxlanıb. Şəhərdəki əsas küçələr isə bağlanıb.