Ukrayna ilə Kerç boğazında minaqişəyə girən Rusiya Krıma hərbi qüvvə toplamağa davam edir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Orekhovo-Zuyevo hərbi gəmisini Krıma göndərib.
Rusiya raket gəmisi gərginliyin müşahidə edildiyi Qara dənizə ABŞ-ın bir gün əvvəlki açıqlamasından gəlib. Rusiya bir neçə həftə əvvəl isə Krıma yeni S-400 raket sistemləri yerləşdirdiyini bəyan etmişdi.
Bundan əvvəl ABŞ bəzi hərbi təyyarələrini Ukraynada havaya qaldıraraq Rusiyaya mesaj vermişdi. Pentaqonun bununla bağlı açıqlamasında ABŞ və müttəfiqlərə məxsus təyyarələrin "Açıq səma" müqaviləsi çərçivəsində uçuş həyata keçirdiyi bildirilir: “Uçuşun məqsədi ABŞ-ın Ukrayna və digər xalqlara olan dəstəyini nümayiş etdirmək idi".
Rusiyanın Kerç boğazında hər hansı bir təxribat olmadan Ukrayna gəmilərinə hücum edərək, hədələyici və provokatif fəaliyyətlərini təhlükəli bir şəkildə artırdığı vurğulanan açıqlamada "ABŞ Avropa ölkələrinin təhlükəsizliyinə dəstək vermək məsələsində qətiyyətlidir" deyilir.
Bundan başqa, mediada ABŞ-ın Qara dənizə döyüş gəmisi göndərməyi planlaşdırdığı, bunun üçün də boğazlardan keçmək üçün Türkiyədən icazə istədiyi ilə bağlı xəbərlər yayılıb.
Üç hərbi gəmisi və dənizçiləri Rusiyanın əlində olan Ukrayna isə artıq bir neçə gündür genişmiqyaslı hərbi təlimlərə başlayıb. Kerç boğazındakı insidentdən dərhal sonra döyüş hazırlığı cəziyyətinə gətirilən ordu Ukraynanın müxtəlif bölgələrində, eləcə də Rusiya sərhədləri yaxınlığında ağır texnika və hərbi aviasiyanın da iştirak etdiyi təlimlər keçirir. Rusiya sərhədləri yaxınlığındakı təlimlərdə əsasən tanklardan istifadə edilir.