“John C. Stennis” atom aviadaşıyıcısının başçılığı ilə ABŞ HDQ-nin gəmi qrupu bu günlərdə Fars körfəzinə daxil olacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Pentaqondakı mənbələrinə istinadən “The Wall Street Journal” yazıb.
Xəbərə görə, bu, ABŞ hərbi gəmilərinin son 8 ayda Fars körfəzinə ilk gəlişidir.”John C. Stennis” Yaxın Şərq regionunda iki ay müddətinə dislokasiya olunacaq və bu müddətin böyük hissəsini körfəz hüdudlarında keçirəcək. Qəzetə danışan Pentaqondakı mənbə deyib ki, amerikan aviadaşıyıcısının körfəzdə mövcudluğu İranın düşmən fəaliyyəti olacağı təqdirdə qüvvələr nisbətində “pozitiv fərqi” təmin edəcək.
Xatırladaq ki, ötən şənbə günü ABŞ dövlət katibi Maykl Pompeo İranın orta mənzilli ballistik raket sınaqdan keçirdiyini deyib və bununla da Tehranın BMT TŞ-nın 2231 saylı qətnaməsinin tələblərini pozduğunu bildirib. Onun sözlərinə görə, söhbət bir neçə döyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketdən gedir.
Pompeonun ittihamlarına İran ordusunun briqada generalı Əbülfəz şəkərçi cavab verib. Bildirib ki, ölkəsi raket sınaqlarını müdafiəsini gücləndirmək məqsədilə keçirir.