Parisdə 24 noyabr tarixində dizel yanacağına vergilərin artırılması və prezident Makronun iqtisadi siyasətinə qarşı iki həftədir davam edən etirazlar Fransanın digər şəhərlərinə də yayılır.
Sarı, işıqyansıdan jiletlərdə olan etirazçılar bu gün Paris və bir çox şəhərlərdə yenidən küçələrə çıxıblar. Paytaxtda etirazçıların qarşısını alınmasına 5 mindən çox polis cəlb edilib. Polis daşlarla “silahlanmış” etirazçılara gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilər edir. Bəzi hallarda polisin nümayişçilərə sərt müdaxilə etdiyi də deyilir.
Son məlumatlara görə, aksiyalarda yüzdən çox adam həbs olunub, yüzdən çox adamın da yaralandığı bildirilir.
Fransa baş naziri Éduard Filipp, 5500-ü Parisdə olmaqla, ölkə üzrə ümumilikdə 36 min nəfərin etirazlarda iştirak etdiyini deyib.
Nümayişçilər Parisin mərkəzi küçələrində bir çox iaşə obyektini və avtomobilləri yandırıb. Mərkəzdə bütün iaşə obyektləri bağlanıb, metronun da fəaliyyəti dayandırılıb.
Fransanın başqa şəhərlərində də etirazçılar yolları bağlayıblar.