Leonardo da Vinçi 15 aprel 1452-ci ildə Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano Messer Pyero və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya gəlib. Leonardonun babası Antonio da Vinçinin öz gündəliyində etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm anadan oldu. Uşağa Leonardo adını qoydum. Onu oğlum Pyero xaç suyuna çəkdi..." Leonardo 16 yaşına çatdıqda atası Pyero ailəsi ilə birlikdə Florensiyaya köçüb.
İntibah rəssamlarının bioqrafı Vazari tərəfindən nəql olunan əfsanəyə görə, bir dəfə tanış kəndli dairəvi qalxan düzəldərək Pyeroya gətirib və içinə rəsm çəkdirmək üçün rəssam tapmağı ondan xahiş edib. Pyero qalxanı öz oğluna verib, Leonardo isə qalxan üzərində Meduza qorqonanın başını təsvir etmək qərarına gəlib və bunun üçün kərtənkələ, ilan, çəyirtkə, yarasa və digər heyvanlardan istifadə edərək qorxunc və iyrənc bədheybət şəkli yaradıb. Nəticə Leonardonun gözlədiyindən də artıq olub. İlk dəfə təsviri görən atası qeyri-adi hisslər keçirərək kəndliyə üzərində oxla dəlinmiş ürək təsviri olan bir qalxan verib, Leonardonun yaratdığı Meduza qalxanını isə Florensiyada yüksək qiymətə satıb.
1466-cı ildə Leonardo 14 yaşında ikən Verokkio adı ilə tanınan rəssam Andrea di Çionenin Florensiyada ən yaxşı sayılan emalatxanasında şagirdliyə başlayıb. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynayıb: o, təkcə humanitar biliklərə yiyələnməyib, həmçinin rəsmxətt, kimya, metallurgiya, metalla, qipslə və dəri ilə işləmə, mexanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə edib, rəsm və heykəltəraşlıqla məşğul olub.
1472-ci ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə edib. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməyib və öz müəllimi ilə əməkdaşlığa davam edib.
Verokkionun emalatxanasındakı rəsm işlərinin bir çoxu onun tələbələri tərəfindən görülürdü. Vazarinin yazdığına görə, Verokkionun "Məsihin vaftizi" rəsminin yaradılmasında Leonardo da iştirak edib: gənc rəssama İsa peyğəmbərin geyimini saxlayan mələyi çəkmək tapşırılmışdı. Beləliklə, rəsmdəki 2 mələkdən birini Verokkio, digərini isə Leonardo yaradıb. Vazarinin iddiasına görə, şagirdinin özündən daha güclü olduğunu görən Verokkio fırçasını yerə qoyub və bir daha rəssamlıqla məşğul olmayıb.
Ömrünün ilkin illərində Florensiyada yaşayıb-yaradan Leonardo da Vinçi sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürüb. Fəqət heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb, bir müddət dərin məyusluğa qapılıb. Bu məyusluğu zamanı Fransa kralı I Fransiskdən dəvət alıb və Fransaya köçərək ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.
"İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı Leonardo da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa intibahının əsas hərəkətverici qüvvəsinə çevrilib, bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunub.
Leonardao da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və "Gizli Şam yeməyi" əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Leonardonun yaratdığı "Vitruvian İnsan" əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.
Təəssüflər olsun ki, müasir günümüzə bu dahi rəssamın cəmi 15 rəsm əsəri gəlib çatıb. Fəqət bu azsaylı rəsm əsərləri da Vinçinin elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikirlərin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayıb.
Leonardo da Vinçi bir mühəndis kimi də o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, konsentrə edilən günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və plitələrin tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz duhasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti onun sağlığında nəinki həyata keçirilməyib, hətta müasirləri tərəfindən qavranılmayıb.
Leonardo da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilib və bu elmlərin inkişafına böyük töhfələr verib.
Bir neçə il bundan əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinib ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam olan və "Mona Liza" əsərinin müəllifi kimi tanınan Leonardo da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.
Leonardo da Vinçinin bir insan kimi qəribəlikləri də çox olub. Bu qəribəliklərdən biri belə qələmə alınıb: "O, bazarları gəzir, qazancının az olmasına baxmayaraq, quş satılan yerlərdə quşları qəfəsdən çıxarır, pulunu ödəyib azad edərdi".
Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda Hersoq Lüdovik Sfortsanın yanında hərbi mühəndis, arxitektor, heykəltaraş və rəssam olaraq işləyib. Sfortsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan onunla hesablaşırdılar. Buradakı iş Leonardonu da təmin etməyibsə də, o, Sfortsanın sifarişi ilə "Gizli şam yeməyi" əsəri üzərində işləməyə başlayıb. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın Luda da yer alır. Bunu görən Hersoq Sfortsa: "Sən tamamilə düzgün seçim etmisən" - deyib.
Leonardo da Vinçi sənətdə sfumato (italyanca-tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Da Vinçi şəkil çəkəndə qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burunlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapır. O elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcayır. Əsərin üçüncü möcüzəsi odur ki, Mona Liza sanki diridir.
Leonardo da Vinçinin bioqrafiya yazarı yazır ki, bu əsər konkret sifarişlə çəkilib: "Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı Mona Lizanın portretini çəkməyə başlayıb, bu əsərin üzərində dörd il işləyib. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır".
Nədənsə, Leonardo da Vinçinin bütün rəsmlərində qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. "İsa peyğəmbərin xaç suyuna çəkilməsi" rəsmində Yəhya peyğəmbər xaçı - gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Liza qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırmaçılar bir məsələdə həmrəydir: bunlar adi gülüş deyil, böyük sirləri bilənlərin gülüşüdür.
Çox da uzaq olmayan keçmişdə İstanbulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502 və ya 1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: "Eşitmişəm İstanbulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsiniz, amma bacarıqlı usta tapa bilmirsiniz..." Leonardo Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək - bunun 400-ü su üzərində, 200-ü quruda olmalıdır. Bu yazıda körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib. Amma 500 il sonra - cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyurn Sand yazır ki, gözəlliyinə görə Da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında XX əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.
Leonardo da Vinçinin maraq dairəsi universal olub. Buraya rəssamlıq, heykəltəraşlıq, arxitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və təbii elmlər, tibb və musiqi daxil idi. Quşların necə uçmasını araşdıran Leonardo da Vinçi hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün o, qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin ki, Qərb Renessansının dahisi ondan hardasa beş yüz il əvvəl - düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş... Yeri gəlmişkən, XV əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırtına ilə oynaması təsvir olunur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin belə çertyojunu çəkmişdi.
Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə Kanadanın "National Library and Archives"də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdiyi mühazirə zamanı məlumat verilib. Hazırda tədqiqatçılar onun anasına aid sənədləri axtarır, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək. Yəni Leonardo da Vinçinin tədqiqatları hələ də davam etdirilir.
Leonardo da Vinçi ömrünün qürub çağını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən dəvət olunub. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif edilib. Şahidlərin dediklərinə əsasən o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərib, ixtiralarını yenə davam etdirib.
Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki bir şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir - sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda altına zanbaq tökülür... Vazari yazır ki, da Vinçi xəstə olanda bir dəfə bayılır və Fransisk onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə baş verib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor