Son zamanlar “Taxıl dəhlizi” anlaşmasını dayandırması ilə ön plana çıxan Rusiya lideri Vladimir Putin növbəti dəfə Qərbi sərt tənqid edib. O, Təhlükəsizlik Şurası ilə onlayn görüşdə bildirib ki, Qərb Ukraynaya dəstək verməklə müharibəni qızışdırır və verilən silahlar döyüş meydanında çox yaxşı yanır.
Ukraynanın müharibədə on minlərlə əsgərini itirdiyini bildirən Putin Polşanı da hədələyib. Polşa administrasiyasına “Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir. Polşa bunu unudub. Biz onlara xatırladacağıq" – deyən Rusiya lideri Qərbin Polşa və Litva döyüşçülərini Ukraynaya göndərməyi planlaşdırdığını və Qərbin bundan "yem" kimi istifadə etdiyini iddia edib.
Belarusa edilən istənilən hücumun Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcəyini deyən Putin, Belarusu hücumlardan qorumaq üçün “hər vasitədən” istifadə edəcəklərini deyib.
Digər tərəfdən Polşa Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Zbiqniev Hoffmann Polşa xəbər agentliyi PAP-a bildirib ki, “Vaqner”in varlığından irəli gələn təhdidləri qiymətləndirən Müdafiə Nazirliyi Belarusla sərhəddə qoşun göndərmək qərarı verib.
Belarus Müdafiə Nazirliyi Polşa sərhədindən təxminən 5 kilometr aralıda yerləşən Brest şəhərində “Vaqner” döyüşçüləri tərəfindən xüsusi təyinatlılara təlim keçirildiyini açıqlayıb.
Qeyd edək ki, bu neçə gün əvvəl rusiyalı siyasətçi Andrey Kartapolov Rusiya prezidenti Putinin keçən ay qısa müddətli qiyama qalxan “Vaqner” əsgərləri ilə bağlı planının olduğunu açıqlayıb.
Kartapolov Putinin “Vaqner” qoşunlarını Polşa və Litva sərhədinə yerləşdirməyi planlaşdırdığını iddia edib. Muzdluların Baltik bölgəsindəki NATO üzvü Polşa və Litvaya mümkün hücuma hazırlaşdığı iddia edilib. Bu ərazinin NATO-nun “ən zəif nöqtəsi” olduğu və Rusiyanın buranı vurmağı planlaşdırdığı bildirilirdi.
Tahir TAĞIYEV