Keçən ay Kremlə qarşı qiyamdan sonra əsgərləri ilə birlikdə Belarusa sürgün edilən muzdlu “Vaqner” lideri Yevgeni Priqojinin yeni görüntüləri üzə çıxıb. Onun Belarusda əsgərləri ilə görüşdüyü anların videosu Telegram-da paylaşılıb.
Videoda Priqojinin əsgərlərini salamlaması, onlara sakit dayanmağı tapşırması və onların təlimlərinin Belarus ordusunu dünyanın ikinci ən yaxşı ordusuna çevirəcəyini söyləməsi eşidilir.
Videoda bir müddət Belarusda qalacağını deyən Priqojin “Ukraynada cəbhədə baş verənlər “Vaqner”in iştirak etməməli olduğu “rüsvayçılıq” idi” deyib.
Bu arada muzdlu dəstənin təlim keçdiyi Rusiyada əsas bazası olan Krasnodardakı Molkino hərbi bazası bağlanıb. Bununla bağlı Telegram kanalında paylaşılan videoda “Vaqner” döyüşçülərinin mərasimlə “Vanqer” və Rusiya bayrağını endirdiyi görünür.
Görüntülərdə döyüşçülərin hara gedəcəkləri açıqlanmır. Onlardan biri iyulun 30-dək bazadakı bütün fəaliyyətlərin dayandırılacağını deyir.
Qeyd edək ki, Priqojin Ukraynadakı müharibədən geri çəkilərək Moskvaya doğru irəliləyərək qısa müddət ərzində bölgədə böyük gərginlik yaratmışdı. Lakin sonradan Priqojin fikrini dəyişərək Belarus lideri Lukaşenkonun vasitəçilik səyləri nəticəsində Belarusda məskunlaşmaq qərarına gəlib.
Priqojinin bu təşəbbüsü Putinin gücünü və beynəlxalq ictimai rəydə imicini sarsıtdı.
Priqojinin Belarusdakı hərbi düşərgədə olduğu iddia edilir.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin “Vaqner”in yaradıcılarından biri olan Andrey Troşevi quruma rəhbər təyin edib. Troşev Rusiyada bir çox yüksək vəzifələrdə çalışıb və Suriyada prezident Bəşər Əsədin qoşunlarını dəstəkləyən hərbi qüvvələrə rəhbərlik edib.
TAHİR