Qırğızıstan ilə Tacikistan sərhəddində aprelin 29-da baş verən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı 20 nəfərə çatıb.
“Report” “24.kg” saytına istinadən xəbər verir ki, Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.
Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.
Qeyd edək ki, aprelin 29-da iki ölkənin sərhəd rayonlarının mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.
Ötən gecə saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.
Bu arada Qırmızı Aypara təşkilatı xəbər verib ki, qırğız hökuməti Tacikistanla sərhəddəki toqquşma bölgəsindən 2 726 yerli sakini təhlükəsiz yerlərə təxliyə edib.