İraqın paytaxtı Bağdad şəhərində şənbə günü axşam koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.
Bağdadın şərqində yerləşən “İbn Əl-Xatib” Xəstəxanasında yanğın binanın ikinci mərtəbəsində saxlanılan oksigen balonlarının partlaması səbəbindən baş verib. Orada ağır COVID-19 xəstələri üçün reanimasiya şöbəsi yerləşirdi. İkimərtəbəli bina daxildən tamamilə yanıb. Alovun söndürülməsinə 30-a yaxın yanğınsöndürmə briqadası cəlb edilib.
Son məlumatlara görə, xəstəxanasında baş verən yanğın nəticəsində xəstələr və heyət də daxil olmaqla 82 nəfər ölüb, 110 nəfər yaralanıb.
Bəzi məlumatlara əsasən, hadisə anında xəstəxanada təxminən 200 nəfər olub. Faciə ilə əlaqədar bütün ölkə üzrə üç günlük matəm elan olunub. Xəstəxananın baş həkimi, təhlükəsizlik xidmətinin rəisi və klinikanın texniki təhlükəsizliyinə məsul şəxslər saxlanılıb. Baş verənlərlə əlaqədar bazar ertəsi günü İraq parlamentinin təcili iclası gözlənilir.