Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Mehri şəhərinin meri Mxitar Zakaryan polis idərəsinə aparılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan öz "Facebook" səhifəsində bildirib.
Vəkil vurğulayıb ki, merin hansı polis bölməsinə aparılmasına dair məlumat verilmir.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətinə (Zəngəzur) səfər edən Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyanın cangüdəni erməni liderin səfərinə etiraz edən Sünik vilayətinin (Zəngəzur) Mehri şəhər sakinləri ilə əlbəyaxa olub.
Paşinyan şəhəri gəzmək istəsə də 100-ə qədər sakin onun arxasınca gələrək təhqiramiz ifadələr işlətməyə başlayıblar. Daha sonra Paşinyan maşınına minərək Mehrini tərk edib.
Məlumatda o da bildirilir ki, Paşinyanın Sünikə gəlişinə etiraz edənlərlə yanaşı, onun tərəfdarları da küçələrə çıxıblar. Nəticədə iki qrup arasında toqquşma yaşanıb və davada Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.
Xatırladaq ki, baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.
Olaylardan sonra Qafanda müşavirə keçirən Paşinyan güc strukturlarının rəhbərlərinə onun Meğri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb.
“Meğridəki insidentə toxunmaq istərdim. Aydın məsələdir ki, qanun pozulub. Respublikanın hüquq-mühafizə orqanlarının aydın və sərt reaksiya verəcəyini gözləyirəm, çünki Ermənistanda cəzasızlıq ab-havasının yaranmasına yol vermək olmaz”, - N.Paşinyan deyib.
İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını, eyni zamanda İstintaq Komitəsinə göndərilən cinayət işlərinin də olduğunu bildirib.