FTX Ukraynanın Peterburqdakı konsulunu saxladı - diplomat Rusiyadan qovula, konsulluq bağlana bilər...

img

Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

Son xəbərlər