Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar gərəkli açıqlamalar vermək və yeni fikirlərini BMT üzv dövlətlərinə çatdırmaq üçün Cenevrəyə getməyə hazırlaşdıqlarını ifadə edərək, “Son 50 ildə söylədiklərimiz bəllidir, 50 il sonra ilk dəfə yeni bir fakir söyləməyə gedirik” deyə bildirib.
Baki-xeber.com-un xəbərinə görə, adada görüşlər keçirən BMT Baş katibi Antonio Quterreşin Kipr məsələsi üzrə vəzifələndirdiyi Ali komissar Jane Holl Lute ilə iş naharında bir araya gələn prezident Ersin Tatar saat yarım çəkən nahar sonrası mətbuata açıqlama ilə çıxış edib. Açıqlamasında E.Tatar bildirib ki, BMT Ali komissarı Cenevrədə keçiriləcək Kipr toplantısına Baş katib Antonio Quterreşin də qatılacağını deyib və bunu BMT Baş katibinin Kipr mövzusuna verdiyi dəyər adlandırıb. Adada yan-yana iki müstəqil dövlətin ədalətli bir işbirliyi qura biləcəyi fikrini təkrarlayan ŞKTC prezidenti daha sonra deyib ki, Kipr Türk tərəfinin mövqeyi açıq və qətidir.
“Nə Kipr öncəki Kipr, nə Şərqi Aralıq dənizi əvvəlki Şərqi Aralıq dənizidir. Şərtlər dəyişib, beynəlxalq əlaqələr fərqli yöntəmdədir”- deyən Ersin Tatar “biz ən yaxşı şəkildə hazırlaşaraq toplantıya gedəcəyik. Mən seçildikdən sonra yeni bir iradə ortaya qoyulub. Bu, xalqın böyük dəstəyini almış bir iradədir”- deyə bildirib.
ŞKTC prezidenti onu da bildirib ki, BMT toplantısında 50 ildir deyilənlərdən fərqli fikirlər səslənəcək. “İlk dəfə yeni bir fikir söyləməyə gedirik” - o deyib.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kipr məsələsinə həsr olunmuş BMT+5 qeyri-rəsmi toplantısı keçiriləcək.
SAMİRƏ