Lavrov ABŞ-ı "etibarsız tərəfdaş" adlandırdı, Kreml isə ABŞ-la ən pis ssenariyə hazır olduqlarını bəyan etdi

img

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov rusiyalı diplomatların ABŞ-dan deportasiyası ehtimalını şərh edib. Kremlin sözçüsü ABŞ-la ən pis ssenariyə hazır olduqlarını deyib.

O, Rusiyanın yeni ssenarilərə və yeni məhdudiyyətlərə müqavimət göstərməyə hazırlaşıb-hazırlanmadığına dair sualı cavablandırarkən bildirib ki, ümumilikdə ABŞ-ın hərəkətlərinin “düşmənçiliyi və gözlənilməzliyi pis ssenarilərə hazır olmağa vadar edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Moskva Vaşinqtonun istənilən dostyana olmayan hərəkətinə cavab verəcək.

"Bu məsələni şərh etmək çətindir. Təbii ki, biz istənilən dostyana olmayan hərəkətə cavab verəcəyik. Ancaq hələlik mən hansısa konkret qərarla qarşılaşmamışam, heç nə elan olunmayıb. ABŞ administrasiyasının Rusiyanın düşmənsayağı hərəkətləri ilə bağlı araşdırmanı tamamladığını oxudum. Xeyli sürətlə araşdırıb, başa çıxıblar", – deyə rusiyalı diplomat Qazaxıstanda keçirilən mətbuat konfransında "Bloomberg"-in rus diplomatların ABŞ-dan qovulacağı ilə bağlı xəbərini şərh edərkən vurğulayıb.

Lavrov, həmçinin ABŞ-ı etibarsız tərəfdaş adlandırıb: "Dövlət üçün həyati əhəmiyyət kəsb edən sahələrdə onların əhval-ruhiyyəsinə və səhər hansı ayaq üstə qalxdıqlarına etibar edə bilmərik".

Qeyd edək ki, "Bloomberg"in ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla yaydığı məlumata görə, Co Bayden administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.

Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Son xəbərlər