Bayden Rusiya ilə müharibə olacağı təqdirdə Zelenskiyə yardım etməyə söz verdi

img

Ötən cümə günü ABŞ prezidenti Co Baydenlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub. "Sputnik Tacikistan"ın verdiyi xəbərə görə, telefon danışığı zamanı ABŞ dövlət başçısı "Rusiyanın təcavüzü" fonunda Kiyevə hərbi yardım göstərməyə hazır olduğunu təsdiq edib.

ABŞ prezidenti "Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanmasına" kömək edəcəyini dilə gətirib.

"Prezident Co Bayden Rusiyanın Donbas və Krımda davam edən təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin dəyişməyəcəyini təsdiq edib", - deyə Ağ Evin bəyanatında deyilir.

Telefon danışığı zamanı Bayden həmçinin Ukraynada aparılan islahatları da dəstəklədiyinə inandırıb.

Qeyd edək ki, Ukraynanın müdafiə nazirliyi "Rusiyanın təcavüzünün eskalasiyası təqdirində" Vaşinqtonun Kiyevi dəstəkləyəcəyini bildirib. Məlumatda deyilir ki, Pentaqonun vədi Krımdakı vəziyyətə də şamil edilir. ABŞ həmçinin xatırladıb ki, 2015-ci ildən indiyə qədər Kiyevə təhlükəsizlik sahəsində iki milyard dollardan artıq həcmdə yardım göstərib.

Rəsmi Moskva isə Rusiya ilə Ukrayna arasında potensial münaqişə barədə söz-söhbətlərin Kiyevin növbəti uydurması olduğunu bildirib. Moskvanın, xüsusən də hərbi sahədə Ukrayna ilə qarşıdurmada maraqlı olmadığı bildirilib.

Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ hərbçilərinin hipotetik olaraq Ukraynada peyda olması Rusiyanı labüd "əlavə tədbirlər" görməyə sövq edə bilərdi. Onun sözlərinə görə, Donbasdakı təmas xəttində vəziyyət onsuz da "kifayət qədər qorxuludur".

Son xəbərlər