Amerika Elm Adamları Federasiyasından (FAS) olan Hans Kristensen və Matt Korda ABŞ nüvə qüvvələrinin vəziyyətinə dair hazırlanan hesabatda Avropadakı B61 nüvə bomba sayının 150-dən 100-ə qədər azadıldığını bildiriblər.
Bakixeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ hökuməti Avropadakı taktiki nüvə silahlarının sayında dəyişiklik edilib-edilməməsinə dair hələlik heç bir rəsmi açıqlama verməyib.
Rusiyanın hər zaman ABŞ-ın nüvə silahlarının Avropadan çıxarılmasını tələb etdiyini xatırladan “Kommersant” qəzetinin yazdığına görə, Rusiyanın dövlət qurumlarındakı mənbələr ABŞ və ya NATO-nun qapalı kanallardan istifadə edərək Avropadakı nüvə silahlarının sayının azaldıldığını bildirmədiyini deyiblər.
Mənbə bildirib ki, say dəyişibsə, bu dəyişiklik həssaslığı və funksionallığı artırmaq üçün bombaların modernləşdirilməsi ilə əlaqəli ola bilər.
FAS-ın məlumatına görə, bombaların böyük bir qismi – 50-si Türkiyənin İncirlik bazasında saxlanırdı, hesabata görə, ən azı 30 nüvə bombası buradan çıxarılıb. Bunun 15 iyun 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ankara ilə Vaşinqton arasında münasibətlərin pisləşməsi və İncirlik bazası ilə əlaqələrin məhdudlaşdırılması ehtimalına görə edildiyi bildirilib.
Hans Kristensen “Kommersant” qəzetinə açıqlamasında “Bu cür şeylər həmişə səssizcə edilir” deyə bildirib.
Ötən il alman mediası Bücel bazasında olan Amerika nüvə bombalarının bir qisminin yeni modifikasiya olan B61-12 ilə dəyişdirildiyini bildirmişdi.