Şimali Kipr Türk Cumhuriyyətinin başçısı Ersin Tatar Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibətilə dünyaya mesaj verib.
Baki-xeber.com-un xəbərinə görə, Tatar mesajında: “Dünyanın və imperialist güçlərin ən güçlü ordularına qarşı qəhrəman Türk əsgərinin qanı və canı bahasına qazandığı Çanaqqala Zəfərinin 106-cı ildönümündəyik. Bu böyük Zəfər dünyanın məzlum və əzilən xalqlarına bir ümid çırağı olarkən Kiprin Türk xalqına da azadlıq və müstəqillik mücadiləsində güc və ilham qaynağı oldu. Bu böyük Zəfərdən alınan güç və ilhamla xalqımız bir əsrdən bəri Vətən bildiyimiz bu torpaqlarda Türklüyün qürur və şərəfinin ayaqlar altında qalmaması, müstəqilliyinin və azadlığının qorunması yönündə mücadilə verməkdədir. “Çanaqqala keçilməz” deyimi sıradan bir deyim deyil, Türk ulusunun dirəniş əzmi ilə müstəqillik və suverenlik sevdasının ifadəsidir. Bu Vətən bilinən torpaqların bölünə və işğal edilə bilinməyəcəyinin ifadəsidir. Bu deyim Türkiyə Cumhuriyyətinin quruluşunu müjdələyən bir deyimdir. Kipr Türk xalqı Çanaqqala Zəfərindən aldığı güç və ilhamla, hər çətinliyə və fədakarlığa qatlanarak, Ana Vətən Türkiyənin dəstəyi və yardımı ilə öz Vətəninə və dövlətinə qovuşub. Bunun bədəli isə qan və canlar olub. Övladlarımız Çanaqqalada olduğu kimi torpaq üçün can verib. O üzdən Vətəni, dövləti, suverenliyi və müstəqilliyi qorumaq bizim şəhidlərə olan borcumuzdur. Şəhidlərimizin əmanəti olan bu dəyərləri hər nə bahasına olursa-olsun qoruyacaq və yaşadacağıq. Bütün dünya bunu belə bilməlidir. Kipr mövzusunda aprelin 27-29-da Cenevrədə keçiriləcək BMT+5 qeyri-rəsmi toplantısına hazırlıqların getdiyi bir vaxtda, Çanaqqala Zəfərinin 106-cı ildönümündə iki müstəqil dövlətin bərabər hüquqlarla işbirliyinə söykənən həll variantından geri çəkilməyəcəyimizi və bunu danışıqlar masasına gətirəcəyimizi bir daha ifadə edirəm. Bölgənin ən güclü dövləti olan Türkiyənin də dəstəklədiyi bu həll variantı istər Kiprin, istərsə də bölgənin xeyrinə olacaq ən real çözümdür. Xalqımızın federasiya nağıllarının ardınca daha bir 50 il də getmək niyyəti yoxdur. Çanaqqala şəhidləri ilə birlikdə bütün şəhidlərimizi rəhmətlə anır, Çanaqqala keçilmədiyi kimi, Kiprin müstəqilliyindən də vaz keçilməyəcəyini bir daha ifadə edirəm”- deyə bildirib.
SAMİRƏ