ABŞ Prezident Co Bayden administrasiyasının müxtəlif beynəlxalq kanallar vasitəsilə fevralın ortasından bəri Şimali Koreya lideri Kim Çen İna və Pxenyan rəhbərliyi ilə təmas qurmağa çalışdığı, ancaq Şimali Koreyanın Baydeni görməzdən gəldiyi iddia edilir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu CNN televiziyasına ABŞ rəsmilərindən biri deyib.
"Gərginliyin artması risqini azaltmaq üçün fevral ayının ortalarından bəri Nyu York da daxil olmaqla bir çox kanal vasitəsilə Şimali Koreya hökumətilə əlaqə yaratmağa çalışdıq. Bu günə qədər Pxenyandan heç bir cavab almamışıq" – deyə mənbə bildirib.
Onun sözlərinə görə, ölkəsinin dəfələrlə göstərdiyi səylərə rəğmən, bir ildən çoxdur ki, ABŞ ilə Şimali Koreya arasında aktiv dialoq olmayıb.
Şimali Koreya ilə təmas qurmaq cəhdləri barədə ətraflı məlumat verməyən mənbələr, Bayden rəhbərliyinin Şimali Koreya ilə bağlı siyasətini və bu ölkənin ABŞ və bölgə üçün təhdidlərinə qarşı variantları da nəzərdən keçirdiyini bildirib.
Fevralın əvvəlində Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Prezident Co Bayden milli təhlükəsizlik üzrə komandasından Pxenyanla münasibətdə "bütün istiqamətlər üzrə" siyasətin yenidən gözdən keçirilməsini istəyib. Səbəb isə Koreya yarımadasının nüvəsizləşdirilməsinin daha effektiv üsullarının tapılmasıdır.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump dövründə gərginliyin artmasından sonra Tramp və Kim 12 iyun 2018-ci ildə Sinqapurda görüşmüşdülər.
Ardından iki lider bir-birinə məktub da göndərmişdi. Ancaq bununla belə Şimali Koreya nüvə proqramını və ballistik raket sınaqlarını davam etdirirdi.