Artıq bir ildən çoxdur dünyanı bürümüş pandemiyanın Türkiyə turizminə zərər vura bilmədiyini deyə bilərik. Bunu ölkəyə hələ də axın edən əcnəbi turist sayından da görmək mümkündür və son günlərdə bunun şahidi olduq.
Artıq xəbər verildiyi kimi, Türkiyə Turizm Nazirliyinin dəstəyi, Nazirliyin nəzdində fəaliyyət göstərən Türkiyə Turizm və Tanıtım qurumunun təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib. Həmin qrupun tərkibində olduğumdan, istər Türk Hava Yollarına aid təyyarələrdə, istərsə də İstanbul Hava Limanında pandemiyaya qarşı görülən mükəmməl tədbirlərin şahidi oldum. Bu cür tədbirliliyin isə insanlara güvən hissi verdiyi danılmazdır. Azərbaycanlı qrupun səfər turu bir neçə ölkənin vətəndaşları ilə koordinasiyalı şəkildə aparıldığından, İstanbul Hava Limanında digər ölkələrin vətəndaşlarının da gəlişini gözləməli olduq. Qeyd edim ki, qrupumuza Ukraynadan, Çernoqoriyadan, Bosniya və Herseqovinadan və Serbiyadan turistlər daxil edilmişdi. Onların gəlişini gözlədiyimiz iki saatlıq müddət ərzində Hava Limanındakı durumu müşahidə imkanımız oldu. Bu mÜşahidələrimiz əsasında deyə bilərəm ki, burada pandemiyaya qarşı tədbirlər heç bir halda ləngimələrə və digər neqativ hallara səbəb olmurdu. Yəni qonaqlar bütün antipandemiya tədbirləri görülməklə operativ şəkildə qarşılanıb yönləndirilir, sosial məsafə, sterillik kimi tələblər dəqiq yerinə yetirilməklə müştəri məmnuniyyəti də öndə tutulur, yəni heç bir halda biri digərinə mane olmurdu. Hava Limanı ölkənin giriş qapısıdır, əla xidmət isə vizit kartıdır. COVİD-19 ötən bir ildən artıq müddət ərzində çox ölkələrdə ən müxtəlif sahələrdə geriləmələrə, axsamalara səbəb oldu. Lakin əminliklə deyə bilərik ki, Türkiyə turizmi bu sınaqdan üzüağ çıxdı.
Samirə SƏFƏROVA