Los-Anceles dairəsinin Ali Məhkəməsində 38 ildir həbsxanada olan erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsi Türkiyədə sərt etirazla qarşılanıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Los-Anceles dairəsinin Ali Məhkəməsinin qərarını qınayan bəyanat yayıb.
Bəyanatda bildirilir: "Los-Anceles dairəsinin Ali Məhkəməsi şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan bir qərar qəbul edib, Kaliforniyanın qubernatoru Qüvin Nyusom bu qərara görə isə apellyasiya şikayəti verməyəcəyini bəyan edib. Türk millətinin vicdanını dərindən yaralayan bu yanaşmanı şiddətlə qınayırıq".
Qərarın ABŞ rəhbərliyinin əks cəhdlərinə baxmayaraq dəyişdirilmədiyi vurğulanan açıqlamada, bunun beynəlxalq qanunlar və ədalət anlayışı prinsipləri ilə zidd olduğu vurğulanır.
Bəyanatda həmçinin erməni terror təşkilatlarının hücumları nəticəsində Türkiyənin 31-i diplomat 58 vətəndaşının şəhid edildiyi də xatırladılır.
Xatırladaq ki, türk diplomat Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə Los Angeles şəhərində qətlə yetirilib.
Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib. İstintaqdan yayına bilən K.Salibanın isə elə həmin il Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilmişdi.