Şimali Kipr Türkiyə Cumhuriyyətinin prezidenti Ersin Tatar Xarici Media Birliyi ilə online görüşərək, Kipr mövzusunda əldə olunan son nəticələr barədə açıqlama verib.
O deyib ki, Prezident seçkilərində xalqın iradəsi ilə seçkiləri qazanıb və öz vəzifəsini önəmli bir missiya ilə həyata keçirməkdə qərarlıdır. Denktaş məktəbinin yetirməsi olduğunu deyən dövlət başçısı babası Cəlal Müftüzadə ilə buralara çox gəldiyini xatırladıb. 1960-cı ildə Kipr məsələsinin “içində doğulduğunu” bildirən Tatar məsələnin mahiyyətinə dərindən bələd olduğunu qeyd edib. “Önəmli olan bir siyasəti gərəyi ilə təmsil etmək və bunun arxasında dura bilməkdir”- o deyib. Prezident Tatar bildirib ki, siyasətdə olduğu ilk gündən hədəfi Kipr Türk xalqının öz varlığını bu torpaqlarda sürdürə bilməsinin təminatçısı Türkiyə Respublikası ilə birlikdə yürüdülən siyasətin dünya gündəminə daşınmasıdır və bugünkü nöqtəyə gələ bildiyi üçün özünü xoşbəxt sayır.
Crans Montanada 11 gün sürən danışıqları şərh edən dövlət başçısı Kipr Türk tərəfinin Annan Planında göstərdiyi fədakarlığa və Türk tərəfinin bütün təminatlarına rəğmən bu danışıqların nəticə vermədiyini bildirib, federasiyaya gedən bütün yolların sınaqdan çıxarıldığını və tükəndiyini ifadə edib. O deyib ki, Rum tərəfinin məqsədi bəllidir – adada hökmranlığa nail olmaq və Kipr türklərini Türkiyə ilə birlikdə adadan çıxarmaq.
Kipr türklərinin qanuni haqlarından danışan Ersin Tatar bu barədə fikirlərini 5+BMT görüşməsində müvafiq aktorların diqqətinə çatdıracaqlarını bildirib. Yalnız Kipr türklərinin təhlükəsizliyi və hüzuru əldə olunacağı təqdirdə anlaşmanın baş tuta biləcəyini ifadə edən prezident ona etimad göstərən xalqının iradəsini sonadək layiqincə təmsil edəcəyini ifadə edib.
“BMT aradüzəldən deyil, xoşniyyətli missiya daşıyıcısı kimi tərəfləri bir araya gətirə bilən qurum şəklində davranmalıdır” – Tatar deyib.
SAMİRƏ