Belarusda 9 avqustda keçirilən prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları davam edir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hazırkı prezident Aleksandr Lukaşenkonun qələbəsinə etiraz edən nümayişçilər Prezident Sarayına doğru irəliləməyə cəhd ediblər.
Nümayişçilər paytaxt Minskdəki İstiqlal prospekti ilə gedərək hökumət binasının yerləşdiyi Müstəqillik Meydanına toplaşıblar.
Fəallardan bəziləri sosial mediadan edilən çağırışlardan sonra Prezident Sarayına tərəf yürüş etməyə çalışıb. Lakin təhlükəsizlik qüvvələri saraya gedən yolu bağlayıb və etirazçıların qarşısını alıb.
Elə həmin saatlarda Lukaşenko prezident helikopteri ilə yaxınlığında etiraz aksiyası keçirilən Prezident Sarayına gəlib. Helikopterdən, üzərində zirehli jilet və əlində avtomat silahla enən Lukaşenko saraya gedib. Bu barədə görüntüləri Belarus Prezidentinin mətbuat xidmətinə yaxınlığı ilə tanınan "Pul Pervovo" telegram kanalı yayıb.
Silahlı bir əsgər və bir mülki şəxsin müşayiəti ilə helikopterdən enən silahlı Lukaşenkonu Müdafiə naziri Viktor Qrenin olduğu güman edilən hərbi geyimli bir nəfər qarşılayır.
Lukaşenkonun sözçüsü Natalia Eismont da, Minskdəki etirazçıların İstiqlaliyyət Sarayına hücum etməyə cəhd etdiyini deyib.
ONT telekanalına danışan Eismont, "Etirazçılar binaya hücum etdilər. Lakin cəsarətləri uzun sürmədi. Nələrin baş verə biləcəyini görəndə sözün həqiqi mənasında dönüb əks istiqamətə qaçdılar" deyib.
Eismont Belarus liderinin ölkədən qaçdığı iddialarına da cavab verib və saraya hücum cəhdi zamanı Lukaşenkonun İstiqlaliyyət Sarayında olduğunu vurğulayıb: “Bundan sonra prezident bir vertolyot çağırıb şəhəri və mitinqi havadan müşahidə etdi. Qısa müddətdən sonra İstiqlaliyyət Sarayına qayıtdı və sarayı qoruyan personala təşəkkür etdi. Bundan əlavə, xüsusi təyinatlı polis dəsttəsinin yanına gedib onlarla söhbət etdi və onlara təşəkkür etdi”.
Qeyd edək ki, Lukaşenko tərəfdarları da Minskdə və bir sıra digər şəhərlərdə Belarus bayrağı ilə yürüşlər təşkil edirlər.