Livanın paytaxtı Beyrutda liman yaxınlığında böyük partlayış baş verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Livan rəsmi agentliyi LNA Beyrut limanında partlayıcı maddə olan 12-ci anbarda yanğın baş verdiyini yazır.
Qeyd edilir ki, yanğın nəticəsində güclü partlayış baş verib. Partlayışın səsi paytaxtdan kənarda da eşidilib.
Livan Səhiyyə Nazirliyi Beyrut limanında meydana gələn partlayış nəticəsində 25 nəfərin öldüyünü, 2200 adam yaralandığını açıqlayıb.
Partlayışın təsiri ilə yaxınlıqda olan 3 mərtəbəli bir bina uçub. Limandan bir neçə kilometr aralıda da binaların şüşələri qırılıb.
Qazaxıstanın Beyrutdakı səfirliyi partlayış nəticəsində səfir Yerjan Kalekenovun xəsarət aldığını və səfirliyin binasına ciddi zərər dəydiyini açıqlayıb.
Göz yaşlarına hakim ola bilməyən Beyrut valisi Mervan Abbud limanda baş verən partlayışı Xerosima və Naqasaki ilə müqayisə edib.
Livan Hizbullahı, paytaxt Beyrutdakı partlayışın mənbəyinin İsrail tərəfindən onlara aid silah anbarlarına hücum nəticəsində baş verdiyi iddialarını təkzib edib. İsrail də Beyrutdakı partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.