Çində ortaya çıxan və bütün dünyaya yayılan koronavirus Cənubi Amerika ölkəsi Ekvadorda əsl kabusa səbəb olub. Bununla bağlı yayılan görüntülər epidemiyanın nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Ekvadorda, infrastrukturun olmamasından dolayı koronavirusdan ölənlərin sayı artır. Qəbiristanlıqlarda yer qalmadığı üçün polis koronavirusdan ölənlərin cənazələrini gətirib evlərinin qarşısına qoymağa başlayıb.
Məlumatlara görə, Ekvadorda səhiyyə sistemi çökdüyü üçün ölkənin qərbində yerləşən liman şəhəri Guayaquildə insanlar yollarda ölürlər və cəsədlər küçələrdə qalır. Ordu və polislər ölkənin ikinci böyük şəhərində küçə və evlərdə ölənlərin cəsədlərini toplamağa başlayıb. Hökumət rəsmisi Jorge Uyit, ordu və polislərdən ibarət işçi qrupunun son üç gündə 150 cəsəd topladığını söyləyib və yaranmış vəziyyətə görə xalqdan üzr istəyib.
Rəsmi məlumatlara görə, Ekvadorda koronaya yoluxanların sayı 3.688, ölənlərin sayı isə 145-ə yüksəlib. Ancaq Ekvador prezidenti Lenin Moreno, rəsmi məlumatların təhrif olunduğunu, təxminən 2500 adamın koronavirusdan öldüyünü etiraf edib.