ABŞ-da koronaya yoluxanların sayı 100 mini keçdi, Nyu-York fəlakətə hazırlaşır - şəhərin mərkəzində müvəqqəti morqlar quruldu...

Dünyada koronavirus epidemiyasının ən çox yayıldığı ölkəyə çevrilən ABŞ-da yoluxanların sayı 100 mini keçib. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat "Worldometer" saytında yer alıb.
İki gün əvvəl Çin və İtaliyanı geridə qoyan ABŞ-da bir sutkada 30 min 840 nəfər infeksiyaya yoluxub. Bununla da ABŞ-da xəstələrin sayı 100 min 37-yə , ölənlərin sayı isə 536-ya çatıb.
Dünyada epidemiyanın yayıldığı ölkələr siyahısında ABŞ-ı 86 min 498 yoluxma ilə İtaliya, 81 min 340 yoluxma ilə Çin izləyir.
ABŞ-da xəstəliyə ən çox yoluxma Nyu-York ştatındadır. Artıq bir neçə gündür əyalətin ciddi tibbi ləvazimat çatışmazlığı ilə qarşılaşdığına dair bölgə rəhbərliyindən açıqlamalar verilir. Əyalət rəhbərliyi ölkə prezidenti Donald Trampı tənqid edərək bölgəyə yetərli dəstək verməməkdə ittiham edir.
İki gün əvvəl isə Nyu-Yorkda çəkilmiş tükürpədici fotolar yayılıb. Koronavirus epidemiyasının yeni mərkəzi olacağı artıq şübhə doğurmayan ABŞ-da məşhur Nyu-York şəhərinin mərkəzində müvəqqəti morqlar qurulub.
Nyu-Yorkun Bələdiyyə sədri Bill de De Blasio şəhərin yarısının gec-tez bu xəstəliyə yoluxacağını deyib. "Təəssüf ki, bu böhranın (COVID-19) apreldən maya qədər böyüyəcəyini düşünürük. Bu həqiqətdir" - De Blasio bildirib.
8.5 milyon əhalisi olan Nyu-Yorkun yarısının gec-tez virusa yoluxacağına dair xəbərdarlıq edən De Blasio, sakinlərin 80 faizinin epidemiyanı yüngül keçirəcəyini, ancaq 20 faizinin ciddi sağlamlıq problemləri ilə qarşılaşacağını və əksəriyyətinin öləcəyini dilə gətirib.