İtaliyanın ardınca İspaniyada da vəziyyət ağırlaşır, ABŞ-da da koronavirusa yoluxanların sayı iki dəfə artdı

Çinin Uhan şəhərində ortaya çıxan koronavirusdan (Covid-19) dünya üzrə ölənlərin sayı 13 min 574-ə, infeksiyaya yoluxanların sayı 307 min 280-ə yüksəlib, 92 min 375 nəfər isə sağalıb.
Baki-xeber.com xəbər verir ki, son 24 saatda ən çox yoluxma və ölü sayısı İtaliya, ABŞ, İspaniya, Almaniya, Fransa, İsveçrə və İranda qeydə alınıb.
İtaliyada ölü sayısı 793 nəfər artaraq 4825-ə yüksəlib. İspaniyada da itkilərin sayında artım qeydə alınıb. Son sutka ərzində 394 nəfər ölüb. Ölkədə itkilərin sayı ümumilikdə 1720-yə çatıb.
İspaniyanın Baş naziri Pedro Sançes, ölkə daxilində koronavirusdan təsirlənənlərin sayına diqqət çəkərək qarşıda vəziyyətin daha pis olacağını deyib.
"Biz çox kritik bir dövrdəyik və qarşıda çox çətin günlər gəlir. Ən pis hələ gəlməyib. İkinci Dünya Müharibəsindən bəri ən ciddi vəziyyətlə üzləşmişik" – deyən Sançes hökumətin koronavirusla mübarizədə lazım olan hər şeyi edəcəyini vəd edib.
İspaniya mediası isə, bütün ölkənin karantinə alındığı fövqəladə tədbirlərin daha 15 gün uzadılacağını açıqlayıb.
İran isə 129 nəfərin öldüyünü açıqlanıb, ölkədə ümumi itkilərin sayı 1658-ə yüksəlib.
ABŞ-da isə 48 saatda infeksiyaya yoluxanların sayı iki dəfə artaraq 26 min 747-yə çatıb. Ölkə koronavirusdan indiyə kimi 340 nəfər itirib.