Ölkə üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart tarixlərində keçirilib. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçirilməsi planaşdırılır.
11 illik buraxılış imtahanından dərhal sonra şagirdlərin imtahanın çətinlik səviyyəsi ilə bağlı olan etirazları sosial mediada gündəmə çevrilib. Bu səbəbdən, 9-cu sinif şagirdləri verəcəkləri buraxılış imtahanı ilə bağlı narahatdırlar. Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edir ki, bu il 9-cu sinif üzrə 135.000 şagirdin buraxılış imtahanı verəcəyi gözlənilir. Bu kifayət qədər böyük bir rəqəmdir:
“Bildiyimiz kimi, sosial şəbəkələrdə və internet resurslarında mart ayının 5 və 12-si tarixlərində keçirilmiş 11-ci sinif buraxılış imtahanlarında fənlər üzrə, xüsusilə də Azərbaycan dili və riyaziyyat fənnindən olan suallar imtahan iştirakçılarında ciddi narahatlığa səbəb olub. Bununla bağlı olaraq, aprel ayında keçiriləcək buraxılış imtahanının 9-cu siniflərdə narahatlıq doğurduğu həqiqətdir. Qeyd edim ki, imtahanların məzmunu və strukturu baxımından 9-cu sinifin imtahanıyla 11-ci sinfin imtahanları bir-birindən tamamilə fərqlidir. 9-cu sinif imtahanı daha asan tipli hesab olunur. Düşünürəm ki 11-ci siniflərin buraxılış imtahanlarında gördüyümüz sualların 9-cu siniflər üçün təkrarlanma ehtimalı yoxdur. Çünki imtahanın əhəmiyyəti baxımından 9-cu sinif buraxılış imtahanı ilə 11-ci sinif imtahanını eyniləşdirmək düzgün deyil. Bildirim ki, 11-ci sinif buraxlış imtahanı həm də qəbul imtahanının birinci mərhələsi hesab olunur. Bu səbəbdən məzmun və struktur fərqlilikləri var.
Əlavə olaraq mən düşünürəm ki, aprel ayında 9-cu siniflər üçün keçiriləcək imtahanlarda daha çox asan və orta tipli suallardan istifadə olunacaq. Çünki 9-cu sinif şagirdləri ilə 11-ci sinif şagirdlərinin imtahana hazırlıq səviyyələri eyni deyil.
Bunu da qeyd etmək lazımdır ki, bu il 9-cu sinif imtahanı verəcək şagirdlərimiz 7 və 8-ci siniflərdə onlayn rejimdə təhsil alıblar. Bu səbəbdən tədris proqramının tam mənimsənilməsində 9-cu siniflərin problemləri mövcuddur.
Nəticə etibarı ilə düşünürəm ki, 9-cu sinif və 11-ci sinif şagirdlərinin imtahanlarının çətinlik səviyyələrini eyniləşdirmək düzgün deyil”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı və 2021-ci ildəki dəyişikliklərlə 9-cu sinif buraxılış imtahanı 1 mərhələdə keçirilir. İmtahanda şagirlərin bilikləri 3 müxtəlif fənn (Azərbaycan dili, Riyaziyyat və Xarici dil) üzrə 100 ballıq şkala ilə qiymətləndirilir. Ümumilikdə 30 Azərbaycan dili, 30 riyaziyyat və 25 Xarici dil üzrə suallar olmaqla, 85 test tapşırığı şagirdlərə təqdim olunur.
Mətanət Abbas BDU-nun jurnalistka fakültəsinin IV kurs tələbəsi, praktikant