İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti saxta mühərrik yağlarının satışı ilə məşğul olan şirkətlərlə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 2 şirkət – “AUTODOC AS COMPANY” MMC (VÖEN – 1007518581) və “VIKSON AZ SERVİS” MMC (VÖEN – 1604302471) saxta mühərrik yağları satışı ilə məşğul olur. Məlumatda qeyd edilir ki, idxalı və satışı həyata keçirilən mühərrik yağlarının qablaşdırılmasının üzərində istehsalçısı və mənşə ölkəsi barədə yanlış məlumat yazılıb, habelə həmin məhsullara uyğun olmayan marka adlarından istifadə edilib.
Ekspertlər bildirir ki, saxta avtomobil yağları mühərriklərin tez sıradan çıxmasına səbəb olur.
“Saxta maşın yağları mühərrikin ömrünü azaldır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, bazarda saxta mühərrik yağları mövcuddur: “Həmin yağlar normal qablaşdırılsa belə, sonradan onun saxta olduqu müəyyən edilir. Bu isə mühərrikin ömrünü azaldır: “Ümumiyyətlə, yağ növlərinin sayı çoxaldıqca saxta məhsullar da artır. Alıcılar məhsulun saxta olub-olmamasını müəyyən etmək üçün satıcıdan sertifikat tələb edə bilər. Ancaq bu da əksər satış məntəqələrində olmur. O zaman alıcı ştrix kodlarla məhsulun saxta və ya təbii olduğunu müəyyən edə bilər. Qabın üzərində xüsusi ştrix kod olur. Həmin kodu internetdə yoxlamaqla məhsulun saxta olub-olmadığını bilmək olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ötən illərdən fərqli olaraq ölkədə nəqliyyat vasitələrinin sayı artır. Avtomobillərin sayının artması maşın ehtiyat hissələrinə və mühərrik yağına da tələbatı artırır: “Bəzi şirkətlər təlabatı nəzərə alıb, nisbətən ucuz qiymətə saxta avtomobil hissələri və ya mühərrik yağı satırlar. Avtomobili idarə edənlər bilir ki, mühərrik yağı il ərzində bir neçə dəfə mütləq dəyişilməlidir. Sürücü original adı ilə saxta avtomobil yağından maşınında istifadə etsə həmin avtomobilin ömrü azalır. Aidiyyatı qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Saxta mühərrik yağı satışı ilə məşğul olan şirkətlər sərt şəkildə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA