2023-cü ilin ilk 3 ayında ən çox şikayət olunan kommersiya qurumlarının adı açıqlanıb. Bu barədə Azad İstehlakçılar Birliyi məlumat yayıb. Qeyd edilir ki, “Kontakt Home” ən çox şikayət olunan kommersiya qurumlarıdır. Ən çox şikayət isə işlənmiş məhsul satmaq və zəmanət verməmək kimi səbəblərdən olur.
Maraqlıdır, nə səbəbdən ən çox şikayət edilən kommersiya qurumları arasında “Kontakt Home”un adı ilk sırada yer alır?
"Kontakt home": “Yayılmış məlumat şayiədir, həqiqəti əks etdirmir”
Məsələ ilə bağlı . “Kontakt Home”la əlaqə saxladıq. “Kontakt Home”-dan “Bakı-Xəbər”ə bildirildi ki, yayılmış məlumat şaiyədir, həqiqəti əks etdirmir: “Sorğunun necə keçirilməsi belə bəlli deyil”.
Eyyub Hüseynov: “Adıçəkilən biznes qurumundan ən çox şikayət işlənmiş məhsulun satılması və ya zəmanət verilməməsi kimi səbəblərdir”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, “Kontakt Home” və “Baku Electonics” ən çox şikayət olunan kommersiya qurumlarıdır. Ilk sırada isə “Kontakt Home”dur: “Adlarını sadaladığım biznes qurumları bununla bağlı sanki yarışa girib. Lakin “Kontakt Home” birinciliyini əldən vermir. Rəhbərlik etdiyim təşkilata ən çox şikayət də məhz adı çəkilən mağazalar şəbəkəsindən gəlir. Demək olar ki, hər gün “Kontakt Home”dan şikayət daxil olub. Bu gün daxil olan şikayətdə şirkətin müştərisi 419.99 manata qulaqcıq alıb. İki gün sonra məhsulu qaytarmaq istəyən vətəndaşa isə “gedin kimə, hara istəyirsinizsə, şikayət edin” cavabı verilib”.
Birlik sədrinin sözlərinə görə, adıçəkilən biznes qurumundan ən çox şikayət işlənmiş məhsulun satılması və ya zəmanət verilməməsi kimi səbəblərdir: “Ən çox şikayət olunan "Kontakt Home" özünəməxsus mənfur taktikası ilə müştəriləri daim narazı salır. Bu mağaza məhsul almağa gələn müştəriyə qapılarını gülərüzlə açdığı halda, problem yarandığı təqdirdə onu həll etmək qeyr-mümkünə çevrilir”.
Günel CƏLİLOVA