Azad İsazadə: “Ermənilər buna humanitar don geyindirməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, buna qarşı olanlar var”
“Suriya və İraqdakı məğlubiyyətindən sonra İŞİD öz maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə yönləndirir”. Bu barədə mətbuata açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmə Müqavimət Baş İdarəsinin rəisi Oleq İlyinix deyib. Onun sözlərinə görə, İŞİD terrorçuları bütün dünyada terror fəaliyyətləri həyata keçirə biləcək ümumdünya terror şəbəkəsinin, “yatan” dairələrin yaradılması üzrə planlar hazırlayırlar.
Bu arada Ermənistan mətbuatı Rusiya DİN-in nümayəndəsi tərəfindən açıqlanan bəyanatda MDB-nin üzvü olan Azərbaycanın adının çəkilməməsini xüsusi təəccüblə qarşılayıb və bir növ, bundan hiddətlənib. Erməni mətbuatı iddia edir ki, Mərkəzi Asiya ölkələrinin vətəndaşları İŞİD-in terrorçuluq fəaliyyətində iştirak edirdilər, hazırda məğlubiyyətdən sonra həmin şəxslər ölkələrinə qayıdaraq terror qruplaşmaları yarada bilərlər. Həmçinin, iddia edirlər ki, Rusiya Ermənistanı İŞİD-lə təhdid edir: “Ümumiyyətlə, dünya mətbuatında məğlub olan İŞİD döyüşçülərinin hara gedəcəyi geniş müzakirə mövzusudur. Məlumdur ki, İŞİD müxtəlif qruplaşmalardan təşkil edilib. Moskvanın İŞİD-də öz payı var. Mətbuatda yayılan məlumatlardan aydın olur ki, İŞİD-in tərkibində döyüşən yüzlərlə qafqazlı vardı. Bunların çoxu Rusiyanın Şimali Qafqaz bölgəsindəndir. Bu şəxslər Rusiya tərəfindən toplanaraq nəzarət altında Soçi olimpiadasından əvvəl Suriya və İraqa göndərilib”.
“Belə çıxır ki, bu şəxslərin siyahısı Rusiyaya məlumdur və hara qayıdacaqlarını bilirlər. Bəs belə olan halda niyə həmin dövlətlərin siyahısında Azərbaycan yoxdur”, - deyə erməni mətbuatı İlyinixin açıqlamasına təxribatçı don geyindirməyə çalışıb.
Ermənistanın bu və ya digər dərəcədə terroru dəstəklədiyi sirr deyil. Ona görə ki, terror fəaliyyəti ilə məşğul olmaq bu ölkənin dövlət siyasətinin tərkib hissəsidir. Zaman-zaman Ermənistanın müxtəlif terror qruplaşmaları ilə gizli əlaqələri gündəmə gəlib. Bu baxımdan, İŞİD-in Ermənistana olan marağı nə ilə bağlı ola bilər?
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, burada bir sıra versiyalar ola bilər, amma konkret hansı versiyanın daha real olduğunu demək bir qədər çətindir: “Ermənistanda İŞİD-in bazası yoxdur. İŞİD əsasən müsəlman ölkələrində və müsəlmanların yaşadığı dövlətlərdə özünə sosial dayaqlar yaratmağa çalışır. Ancaq Ermənistanın ümumilikdə terror qruplaşmaları ilə əlaqəsi var və bunu danmaq olmaz. Məsələn, PKK fəalları Ermənistandan tranzit məqsədlər üçün istifadə edirlər. Rusiyadan Ermənistana gəlib Türkiyəyə keçmək üçün və s. Ancaq konkret İŞİD-ə gəldikdə, ola bilsin terror qruplaşması Ermənistandan silah mənbəyi kimi istifadə etmək istəyir. Bu səbəbdən İŞİD-in Ermənistana yönəlik marağı ola bilər. Digər tərəfdən, Ermənistan xüsusi xidmət orqanları İŞİD-in Türkiyəyə və ya Azərbaycana qarşı terrorçu fəaliyyətinə hansısa dəstək də verə bilərlər. Yəni belə fəaliyyətlərin arxasında Ermənistan xüsusi xidmət orqanları dayana bilər. Ancaq bir məqamı da nəzərdən qaçırmaq olmaz. Məsələ ondadır ki, Ermənistan silahlı qüvvələri Rusiya egidası altında Suriyada fəaliyyət göstərir. Ermənilər buna humanitar don geyindirməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, buna qarşı olanlar var. Ola bilsin ki, Ermənistanın sözügedən fəaliyyətinə cavab olaraq İŞİD bu ölkəni hədələsin. Hər halda, bütün bunlar ciddi araşdırılmalıdır. Çünki nəzərə almaq lazımdır ki, Ermənistan terrora meylli bir dövlətdir”.
Vidadi ORDAHALLI