Elşən Mustafayev: “Yəqin ki, bu adla dünya ermənilərindən ianə toplamağı düşünürlər”
Ermənilər yeni doktrina üzərində iş aparırlar. Ermənistan KİV-ində “Müasir etapda dünyadakı erməni probleminin həllinə dair siyasi doktrinanın tezisləri” adlı bir sənəd yayılıb.
Bir sıra tarixçi və din adamlarının imza atdığı həmin sənədin tezislərində Şərqi və Qərbi Ermənistanda baş verən hadisələr və bunun nəticəsində erməni xalqına dəymiş “ziyan”la bağlı geniş məlumat verilir və onların aradan qaldırılması, problemlərə düzgün siyasi qiymətin verilməsi üçün bütün dünya ermənilərinin birləşməsi, vahid mövqedən çıxış etməsi kimi məsələlərə böyük diqqət ayrılıb. Ən başlıcası isə sənədin böyük hissəsi Osmanlı Türkiyəsi və onun siyasi varisi olan Türkiyə Cümhuriyyətinə qarşı nifrətin aşılanmasın həsr edilib. Müəlliflər tarixə ekskurs edərək hadisələrin təhrifi yolu ilə guya ermənilərin həm Rusiya imperiyası, həm Yaxın Şərq, həm də Osmanlı imperiyasında sıxışdırılması, hətta bir millət kimi yer üzündən silinmək təhlükəsinə məruz qalmasına dair saxta dəlillər də təqdim edirlər. Tezislərdə qeyd olunur ki, ermənilərin başına gələn bütün tarixi bəlalar onların millət olaraq birliklərinin zəif olması ilə bağlıdır. Qeyd olunur ki, daha güclü Ermənistan yaratmaq üçün qondarma “Artsax”la Ermənistan Respublikasının birləşməsi zəruridir. Hətta bildirilir ki, müasir zamanda ermənilər “Qərbi Ermənistan”da (Türkiyə ərazisi nəzərdə tutulur – M.Q.) itirdikləri mövqelərini yenidən bərpa etməlidirlər. Bununla onlar bir çox ölkə ilə yanaşı, Türkiyəyə qarşı da açıq ərazi iddiası irəli sürürlər. Sonra bildirilir ki, bu doktrinanın həyata keçirilməsi üçün yeni təşkil olunacaq diaspor fəaliyyəti ilə bağlı lazım olan büdcə Ermənistanın dövlət büdcəsindən çox olmalıdır. Çünki bu qlobal layihəni həyata keçirmək üçün böyük maliyyə vəsaitinə ehtiyac var.
Ermənilərin belə bir yeni siyasi doktrina ilə çıxış etməsi nə ilə izah oluna bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin sənəddə əsl erməni xisləti yenidən ortaya qoyulub: “Siz göndərdiyiniz mətni oxudum. Əslində, burada qəribə nəsə görmədim. Sadəcə indi ermənilər mübarizələrini başqa adla aparmaq istəyirlər. Hansısa yeni cəlbedici adı qoymaqla diqqəti əsl mahiyyətdən yayındırmağa çalışırlar. Həmin sənəddə, faktiki olaraq, uzun illər boyu bütün dünya ermənilərini öz ətrafında cəmləyən “Böyük Ermənistan” kimi sərsəm ideyanın bütün tezisləri mövcuddur. “Böyük Ermənistan” adlanan ideologiyada da başqa ölkələrə ərazi iddiaları irəli sürülür. Hətta “dənizdən dənizə” kimi ərazilərin ermənilərə məxsus olduğu deyilir. Burda da həmin fikirlər var. Tezislərdə ermənilərdə birliyin olmadığından, diaspor fəaliyyətinin zəifliyindən giley edilir. Halbuki, bütün bunlar ermənilərdə hər zaman güclü olan faktorlardır. Ən əsas məqam bundan ibarətdir ki, artıq ermənilər qondarma soyqırım təbliğatının nəticə vermədiyinin fərqinə varmağa başlayıblar. Görürlər ki, dünyanın bəzi parlamentləri həmin sənədi qəbul etsələr də, nəsə dəyişmir. Ona görə də ortaya yeni doktrina atırlar. Ən başlıcası isə həmin sənəddə guya bir neçə erməni dövlətinin olduğu beyinlərə yeridilir. Tarixi boyu dövləti və konkret məskunlaşdığı ərazisi olmayan xalq indi fərqli adlarla bir neçə dövlətinin olduğunu qeyd edir və onların birləşməsinin zəruriliyini vurğulayır. Çox avantürist məzmunlu bir sənəddir. Yəqin ki, bu adla dünya ermənilərindən ianə toplamağı düşünürlər. Fikir verirsinizsə, böyük maliyyənin lazımlığı sənəddə xüsusi qeyd edilir”.
Məhəmmədəli QƏRİBLİ