Azərbaycan və Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Vyanada təşkil olunan görüş işğalçı ölkədə geniş rezonans doğurmaqda davam edir. Görüşün nəticələrinin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Vyana danışıqları Qarabağ münaqişənin həlli ilə bağlı danışıqlara yeni təkan verib.
Onu da xatırladaq ki, görüşün nəticələrindən biri olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən, yəni “3+2” formatında birgə bəyanat qəbul olunub. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Bəyanatda qeyd olunur: “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında görüşüblər. Görüşdə, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib”.
Bildirilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib: “Onlar nizamlama prosesinin bir sıra əsas məsələləri və danışıqların gedişatının mahiyyəti üzrə fikir mübadiləsi aparıblar. Hər iki lider sülhə xidmət edən şəraitin yaradılmasının və danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinin tapılması üçün daha konkret və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Düşənbədə söhbətlərini yada salan liderlər atəşkəsin möhkəmləndirilməsi və birbaşa ünsiyyət mexanizminin təkmilləşdirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Onlar, həmçinin, humanitar sahədə bir sıra tədbirlərin işlənib hazırlanması barədə razılığa gəliblər". Qeyd olunub ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri xarici işlər nazirlərinə yaxın gələcəkdə həmsədrlərlə görüşməyi tapşırıblar: "Onlar, həmçinin, birbaşa dialoqu davam etdirməyə razılaşıblar”.
Azərbaycan tərəfinin bu bəyanatla bağlı hansısa problemi olmasa da, Ermənistanda vəziyyət fərqlidir. Söhbət ondan gedir ki, məhz bu bəyanat fonunda İrəvan Bakıya növbəti dəfə məğlub olduğunu nümayiş etdirir. Xatırladaq ki, bundan əvvəl martın 9-da da Minsk Qrupunun yaydığı bəyanat Ermənistan üçün ciddi diplomatik məğlubiyyət kimi dəyərləndirilib. Həmin bəyanatda da Qarabağ danışıqqlarında format dəyişikliyinin əleyhinə çıxılıb. Bu bəyanatdan sonra baş tutan Vyana görüşündə Azərbaycan və Ermənistanın münaqişə tərəfləri olaraq müzakirə aparması da məsələ ətrafında məhz Bakının mövqeyinin qəbul olunduğunu göstərir. Ermənistanın “Past” qəzeti etibarlı mənbələrinə istinadən yazır ki, belə vəziyyət İrəvanda ciddi çaxnaşma yaradıb: “Məsələ burasındadır ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ilk rəsmi görüşün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının mətninə Paşinyanın əvvəlcədən təlimatlandırdığı bəzi məlumatların salınmasına cəhd edib. Lakin buna nail ola bilməyib. 22 martda Moskvaya məxfi səfəri zamanı Mnatsakanyanın Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla görüşməsi də bununla bağlı idi. Orada Mnatsakanyan rusiyalı həmsədrin köməyi ilə birgə bəyanatın mətninə bəzi yumşaldıcı və Ermənistan üçün daha məqbul tezislərin salınmasına çalışıb. Çünki hamıya bəllidir ki, bu cür bəyanatların mətnləri əvvəlcədən hazırlanır, amma nəticəsiz olur”. Qeyd olunur ki, nəticədə, Ermənistanın baş naziri Nikol Paşinyan tapşırığın öhdəsindən gələ bilməyən Mnatsakanyandan olduqca narazı qalıb: “Mənbələrimizin sözlərinə görə, daxili “mətbəxdə” hesab edirlər ki, Mnatsakanyan ilk ciddi imtahandan “kəsilib”.
“Çiçəklənən Ermənistan” fraksiyasının sədri, millət vəkili Edmond Marukyan Vyanada baş tutan görüşdə ölkəsinin yenə uduzan tərəf olduğunu vurğulayır. Oörüşdən qaranlıq qalan məqamlar da var: “Bəzi suallar var ki, onlar cavabsız qaldı. Erməni tərəfinin gündəliyi, üç prinsip və altı element haqda informasiyalar yoxdur. Biz bilmək istəyirik ki, bunlar aktualdır, ya yox”. Ermənistan parlamentinin üzvü Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin yeni element və prinsiplərini inkişaf etdirmək alternativini istisna etməyib: "Lakin unutmamalıyıq ki, bu prinsiplər Helsinki Yekun Aktına əsaslanmalıdır. Yəni özək dəyişməzdir, beynəlxalq hüquq dəyişməyəcək”. Onun fikrincə, proses yenilənir və bu qaçılmazdır, çünki Ermənistanın danışıqlar prosesinə təsir göstərə bilməyəcəyi bir çox yeni yanaşmalar var. Vyana görüşündən sonra xalqların sülhə hazırlaşdırılmasına dair addımlar atmaq üçün lazım olan ehtiyaclara gəldikdə, deputat yalnız bir yol görür: sərhəddə uzunmüddətli sülh. Amma bunun üçün Azərbaycanla razılaşmanın vaciblyini də etiraf edir.
Nahid SALAYEV