Məhərrəm Zülfüqarlı: “Paşinyan da ona uyğun olaraq özünü aparır”
Məlum olduğu kimi, martın 29-da Avstriyann paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra iki ölkə başçısının sərgilədiyi siyasət, davranış müqayisə ediləcək dərəcədə diqqəti cəlb edir.
Məsələ ondadır ki, görüşdən sonra Prezident İlham Əliyev əsl müstəqil dövlət başçısına xas olan davranış sərgilədi. Paşinyandan fərqli olaraq kiməsə, hansısa dövlət başçısına hesabat vermədi. Danışıqlardan sonra qısa açıqlama verərək ATƏT-in Minsk Qrupunun bəyanatını gözləməyi tövsiyə etdi. Prezident İlham Əliyev bununla böyük siyasi xadim olmaqla yanaşı, güclü bir diplomat olduğunu bir daha sübut etdi.
Ancaq Paşinyan nə etdi? Dərhal Avstriyadakı erməni icması ilə görüşə qaçdı və onlara hesabat verdi. Daha sonra Ermənistanın baş naziri Avstriya paytaxtında danışılanlar haqqında iki nəfəri telefonla məlumatlandırdı. Paşinyan görüşdən sonra Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyana zəng edib. Paşinyan bununla ona inanmayan, ən başlıcası isə ona qarşı münasibətləri yaxşı olmayan separatçıları arxayınlaşdırmağa çalışıb. Məsələnin maraq doğuran tərəfi odur ki, Paşinyan daha sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Dərhal Rusiya Prezidentini aparılan danışıqlarla bağlı məlumatlandırıb. Əslində, Paşinyan bununla göstərir ki, Qarabağ problemi Rusiyanın icazəsi olmadan həll edilə bilməz. Ermənistanda “məxməri inqilab” adıyla hakimiyyət dəyişsə də, Ermənistan satillit dövlət statusundan çıxmaq iradəsində deyil. Daha konkret desək, Paşinyan Putinə zəng etməklə Rusiyadan asılı olduğunu göstərir. Baxmayaraq ki, Paşinyan hakimiyyətə gələndə belə təəssürat yarandı ki, o, Serj Sarkisyan qədər Rusiyanın nökəri olmayacaq. Qərblə Rusiya arasında müəyyən balans saxlayacaq. Ancaq çox keçmədi ki, bütün bu gözləntilər boşa getdi. Paşinyan göstərdi ki, Ermənistan vassal dövlətdir.
Bu baxımdan, iki dövlət başçısının fərqli siyasət sərgiləməsini ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni dəyərləndirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, baş verənlər hardasa gözlənilən idi: “Məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil siyasət yeridir. Bizim dövlətimiz, dövlət başçımız kimdənsə asılı deyil. Eyni zamanda, kiməsə hesabat vermək öhdəliyinə malik deyil. Vyana görüşü bunu bir daha sübut etdi. Ermənistan isə forpost dövlətdir. Forpost olduğu üçün də Paşinyan ona uyğun davranır. Ermənistanda olan strateji müəssisələrin mütləq əksəriyyəti Rusiyanın mülkiyyətidir. Rusiya ordusu bu ölkədə yerləşir. O üzdən, Ermənistan marionet bir dövlət olmağa məhkumdur. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olamayaraq, Rusiya bu ölkəyə öz əyaləti kimi baxır. Rusiya Prezidentinin razılığı olmadan Paşinyan bir addım belə ata bilməz. Dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə bu özünü göstərib. Bir dəfə Ermənistan dövlət başçılarından biri “ayaqyolu” bəhanəsi ilə danışıqları tərk edib. Arxasınca da Rusiya nümayəndəsi gedib. Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiyanın “peşkasıdır”. Paşinyan da ona uyğun olaraq özünü aparır. Ancaq bunu rəsmi şəkildə bəyan edəndə ermənilər hay-küy salırlar”.
Vidadi ORDAHALLI