Məhəmməd Əsədullazadə: “Unudurlar ki,Türkiyə böyük oyunları pozan və bu çirkin planları məhv edən bir ölkədir”
Ermənilər zaman-zaman qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış ediblər. Azərbaycan ərazilərini işğal edən Ermənistanın indinin özündə də Türkiyə və Gürcüstana yönəlik ərazi iddiaları var. Bu arada erməni mətbuatı Türkiyədə keçirilən bələdiyyə seçkilərini və onun nəticələrini böyük maraqla izləyir.
Hakim AKP-nin İstanbul və Ankarada keçirilən bələdiyyə seçkilərində məğlub olmasını erməni mətbuatı böyük sevinclə qarşılayıb. Ermənilərin maraq dairəsində olan Türkiyə ərazilərindən biri də Qars və İqdır şəhərləridir. Qarsda və İqdırda kürd əsilli namizədlərin qalib gəlməsindən sevinən erməni mətbuatı həmin vilayətlərin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış edib.
Erməni mediası həyasızcasına iddia edir ki, guya Qars və İqdır 1921-ci ildə imzalanan Moskva müqaviləsinə görə qanunsuz olaraq Türkiyənin bir hissəsi olub. Həmçinin, guya Türkiyə Moskvanın dəstəyilə Yaxın Şərqdəki kürdlərə qarşı təzyiqlər həyata keçirir, türk-rus tandemi ermənilərə qarşı siyasət aparır. Guya sözügedən vilayətlərdə kürdlərin sıxışdırılmasının, “genosidə” məruz qalmasının qarşısını almaq, Azərbaycanın oradakı təsirini minimuma endirmək, demoqrafik balansın qorunması üçün yeganə çıxış yolu Qars və İqdırın Ermənistana birləşdirilməsidir. Bir sözlə, ermənilər Türkiyəyə qarşı açıq-aşkar, beynəlxalq hüquqa zidd olaraq yeni ərazi iddiaları ilə çıxış edir və bunu açıq şəkildə bəyan etməkdən çəkinmirlər. Sözügedən fikirlər Ermənistanın Türkiyəyə qarşı yeni ərazi iddiaları ilə çıxış etməsinin əyani göstəricisidir. O üzdən, bunu ekspertlər necə şərh edirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bunu kəskin tənqid etdi: “Ermənistan Azərbaycana qarşı olduğu kimi, Türkiyəyə də ərazi iddiası irəli sürür. Hətta ölkə konstitusiyasında və gerbində Türkiyənin şərq vilayətləri Ermənistan ərazisi kimi göstərilir. Göründüyü kimi, İrəvan bu işğal siyasətini "qanuniləşdirməklə" işğalı dövlət siyasətinin tərkib hissəsinə çevirib. İqdır və Qarsda azərbaycanlılarla yanaşı, etnik kürdlər də yaşayır. Məhz Ermənistan PKK tərəfdarlarına dəstək verməklə burada yaşayan kürdləri öz ətrafına çəkməyi planlayır. Bu planın alt qatında Erməni Eçmiədzin və Apostol kilsəsi dayanır. Onlar bu yöndə ideoloji iş aparmaqla müəyyən hədəflərə çatmaq istəyirlər. Ümid edirlər ki, Türkiyə zəifləyəcəyi təqdirdə bu işğalı reallaşdırmaq mümkün olacaq. Həqiqətən də ermənilər pusqudadırlar. Məsələ ondadır ki, təcrid vəziyyətində olsalar da, bu gün Türkiyəyə yönəlik ərazi iddialarından əl çəkmirlər. Mənfurcasına türk kimliyinə qarşı savaşı bir an belə dayandırmırlar. Onlar hesab edirlər ki, bununla istəklərinə nail olacaqlar. Ancaq əsla bu mümkün olmayacaq. Hazırda Türkiyə regionun güclü ölkəsidir. Ermənistanın bu siyasəti, demək olar ki, heç vaxt reallaşmayacaq. Qeyd edim ki, mənfur qonşularımız nə qədər çalışsalar da, Türkiyə-Azərbaycan birliyinə qalib gələ bilməyəcəklər. İrəvanda düşünürlər ki, bu avantürist siyasəti davam etdirməklə böyük dövlətlərin maraqlarını özlərinə cəlb edəcəklər. Unudurlar ki, Türkiyə böyük oyunları pozan və bu çirkin planları məhv edən bir ölkədir. Ona görə də Ermənistanın kürd amilindən istifadə etməsi reallaşmayacaq. Ermənistan bunu bacara bilməz. Bu gün Türkiyənin müstəqil siyasəti Ermənistanı narahat edir. Bütün bunlarla yanaşı, ermənilərin Qars və İqdıra yönəlik yeni ərazi iddialarına sərt reaksiya verilməlidir. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti ifşa edilməlidir”.
Vidadi ORDAHALLI