Zərdüşt Əlizadə: “Seçkiləri saxtalaşdırmaq kimi imkanlar adətən icra qurumlarını əlində saxlayan siyasi qüvvədə olur”
Bizim də böyük maraqla izlədiyimiz Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri, demək olar ki, tam bəllidir. Seçkinin ümumi nəticələrini sadə sözlə belə izah etmək olar. Ümumi nəticələrdə hakim partiya qalib gəlsə də, müxalifətin nəticələri həmin cəbhədə böyük canlanmanın olmasından xəbər verir.
Məlum olduğu kimi, ümumilikdə, ölkə üzrə AKP ilə MHP-nin birləşdiyi “Cümhur İttifaqı” 51 faiz, CHP, İYİ və “Səadət” partiyalarının təmsil olunduğu “Millət İttifaqı” isə 37 faiz səs toplayıb. Baxmayaraq ki, bundan əvvəlki bələdiyyə seçkilərində də hakim AKP ilə müxalif CHP arasındakı səs fərqi təxminən eyni nisbətdə (43 faiz AKP, 26 faiz CHP) olub, Türkiyədə son seçkinin qalibi kimi daha çox CHP qəbul olunur. Bu da sözsüz ki, 4 böyük şəhərdə məhz CHP-nin qalib gəlməsilə əlaqədardır. Ən maraqlı məqam isə budur ki, AKP-nin tanınmış siması olan Binəli Yıldırım İstanbulda müxalif namizədə uduzdu.
Xatırladaq ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkidən əvvəl “İstanbul, Ankara, Bursa, Antalya, Denizli ve Adananı alacağıq, gərəkli dərsi verəcəyik” demişdi. Partiya liderinin dedikləri Bursanı çıxmaqla, 5 böyük şəhər üzrə öz təsdiqini tapdı. Hakim partiya xüsusilə də böyük şəhərlərdəki məğlubiyyəti ilə barışmaq istəmir. Onlar açıq şəkildə iddia edirlər ki, məhz həmin şəhərlərdə saxtakarlıq olub, səslər oğurlanıb. Maraqlı yanaşmadır. Adətən görünüb ki, daha çox hakimiyyətdə olan partiyanı seçkini saxtalaşdırmaqda ittiham edirlər. Çünki saxtakarlıq etmək üçün əldə resurs olmalıdır ki, bu da müxalifətdən çox iqtidarın əlində cəmləşir.
Türkiyənin Yüksək Seçki Komissiyasının sədri Sədi Güvən seçki nəticələri ilə bağlı son açıqlamasında bunları deyib: “Keçici nəticələr siyasi partiyalarla bölüşdürülüb. Dünəndən etibarən də etiraz (şikayət) prosesi başlayıb, davam edir. Etirazı olmayan yerlərdə qərarlar veriləcək”.
Şikayətlərin olmasına eyham edilirsə, AKP böyük şəhərlərlə bağlı bunun olduğunu gizlətmir. Ümumən gərgin atmosferdə keçən bələdiyyə seçkiləri Türkiyədaxili siyasi proseslərə necə təsir göstərəcək?
Politoloq Zərdüşt Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, seçkinin Türkyənin daxilindəki siyasi proseslərə müsbət təsiri olacaq: “Kəskin, ciddi rəqabət göstərir ki, ölkədə demokratiya var. Hakim partiyanın liderlərindən başqa liderlər də mövcuddur. Bu rəqabət hakim partiyanı xalqın istək və tələblərini yerinə yetirməyə məcbur edəcək. Bu göstərir ki, Türkiyə demokratiyası sabitdir. Min əhsən olsun ki, Ərdoğan seçki prosesinə müdaxilə etmədi. İmkan verdi ki, ölkədə demokratik seçki keçirilsin. Sevindiricidir ki, Türkiyədə belə güclü müxalif siyasi partiyalar mövcuddur. Bu rəqabətdən qazanan Türkiyə və onun vətəndaşı olacaq”.
Müxalifətin böyük şəhərlərdə qalib gəlməsini isə politoloq belə izah etdi: “Ərdoğanın siyasi bazasının böyük əksəriyyətinin əyalətlərdə olduğuna bağlıdır. Böyük şəhərlərdə isə bir qədər geniş dünyagörüşlü, müasir, savadlı insanlar yaşayırlar. Həmin savadlı elektorat görür ki, Ərdoğanın yürütdüyü siyasət onlar üçün o qədər də məqbul deyil. Ona görə də müxalifət liderləri həmin elektoratı öz ətrafına çəkə bilir. Burada qəribə nəsə yoxdur”.
Hakim partiyanın böyük şəhərlərdə səslərin oğurlandığı ilə bağlı səsləndirdiyi iddiaları isə Zərdüşt Əlizadə absurd adlandırdı: “Seçkiləri saxtalaşdırmaq kimi imkanlar adətən icra qurumlarını əlində saxlayan siyasi qüvvədə olur. Müxalifət belə imkandan məhrumdur. Əgər Türkiyədə müxalifət bunu bacarıbsa, onda gör hakim partiya nə dərəcədə zəif və monolit deyil. Buna inanmaq lazım deyil. Məhz Ankara və İstanbulda səslər arasındakı fərq çox cüzidir. Bunun özü halal seçkinin keçirildiyinin göstəricisidir”.
Məhəmmədəli QƏRİBLİ