Aydın Mirzəzadə: “Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsilə bağlı mübarizədə diplomatik müstəvidə əlavə arqumentlər əldə etdi”
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbənin üç ili tamam olur. O zaman işğalçı ordu atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərini intensiv atəşə tuturdu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçiriblər. Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi nəzarətimiz altına keçib.
Digər tərəfdən, aprel döyüşlərinin bir sıra siyasi nticələri də oldu. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan istənilən an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. İstər Ermənistan rəhbərliyi, istərsə də işğalçı ölkənin havadarları Azərbaycanın hərbi müstəvidəki gücünü gördülər. Aprel döyüşləri Qarabağ probleminin yenidən gündəmə gəlməsinə səbəb oldu.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri artdı. Aprel döyüşlərindən sonra Ermənistan ordusunda ciddi neqativ problemlərin olduğu ortaya çıxdı və bir sıra yüksək rütbəli hərbçilərin karyerasına son qoyuldu. İllərlə işğalçı ordu barədə yaradılan mif darmadağın edildi. Aprel döyüşlərindən sonra gedən proseslər Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb oldu. Ermənistan rəhbərliyi hərbi müstəvidə məğlub duruma düşdüyü kimi, siyasi müstəvidə də məğlubiyyətə uğradı. Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və s. faktlar buna əyani sübutdur.
Bütün bunların fonunda, aprel döyüşləri ötən 3 il ərzində diplomatk müstəvidə Azərbaycanın xeyrinə hansı dəyişikliklər yarada bildi?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, aprel döyüşləri diplomatik müstəvidə bir sıra uğurlara zəmin yaratdı: “Aprel döyüşlərində Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparırdı və dünya bunu belə də qəbul etdi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan əleyhinə hansısa qətnamə qəbul edilmədi. Eyni zamanda, Azərbaycana qarşı çağırışlar səslənmədi. Ermənistan təkləndi və işğalçı olduğu bir daha təsdiqləndi. Faktiki olaraq, Ermənistan diplomatik müstəvidə çox çıxılmaz bir duruma düşdü. Həmin dövrdə Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq təşkilatlara müraciəti səmərəsiz oldu. O, İrəvanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin səfirlərini yığaraq atəşkəsin bərpa edilməsi ilə bağlı çağırışlar edib, bir növ, yalvardı. Bütün bunlar göstərdi ki, Ermənistan diplomatik müstəvidə Azərbaycana uduzur. Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsilə bağlı mübarizədə diplomatik müstəvidə əlavə arqumentlər əldə etdi. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan danışıqların formatını dəyişməyə çalışsa da, buna nail ola bilmədi. Axırda öz mövqeyindən geri çəkilərək Azərbaycanla birbaşa danışıqlara getməyə məcbur oldu. Dağlıq Qarabağ problemi, həmişəki kimi, dünya siyasətinin gündəliyində ön sıralarda qalmaqda davam edir. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə uğurlarıdır”.
Vidadi ORDAHALLI