Tural Abbaslı: “… hərəkatın əsasnaməsində bu cür hallara görə xaricedilmə nəzərdə tutulmayıb” Nemət Pənahlı: “Hətta edam hökmünü belə, şəxsi dinlədikdən sonra verirlər”
Bu il yanvarın 26-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı adlı qurum yaradılıb.
Qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev və digərləri var. Çox maarqlıdır ki, yarandığı gündən indiyə qədər ancaq daxili qalmaqallara başı qarışan AXH-nin həqiqi məqsəd və məramını bilmək mümkün olmayıb. Həmin qurumda baş verən proseslərdən dəqiq bu rəyə gəlmək mümkündür ki, müxalif qüvvələrin indiyə qədər yaratdıqları uğursuz birlik formatlarına biri də əlavə olunacaq. Qurumun daxilində böyük qalmaqala səbəb olan məsələ Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını Azərbaycan Xalq Hərəkatından uzaqlaşdırmaq istəyindən sonra başlayıb. Hətta bir neçə gün əvvəl bildirildi ki, keçirilən qapalı iclasda Nemət Pənahlı AXH-dən uzaqlaşdırılıb. Bildirilir ki, N.Pənahlının təşkilatdan uzaqlaşdırılmasına onun “qeyri-səmimi davranışları” səbəb olub. Qeyd olunurdu ki, N.Pənahlı son vaxtlar AXCP sədri Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr içindəymiş və o, AXH rəhbərliyindən xəlvət bu cür proses aparırmış.
Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığından, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb. Lakin N.Pənahlı həmin məlumatı təsdiq etməmişdi. Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclasında isə məlum olub ki, N.Pənahlını məhz həmin gün qurumdan xaric etmək istəyirlər. Ancaq aprelin 1-də keçirilən iclasda ciddi qarşıdurma yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri N.Pənahlının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.
İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T.Abbaslı təklifin əleyhinə çıxaraq bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi keçməyib və AXH-nin dönəm sədri idarə heyəti üzvü kimi qalıb. Bundan sonra hər iki siyasətçi arasında qarşılıqlı ittihamlar səslənib. T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən iclasda gərginlik sona qədər davam edib.
Ağ Partiya sədri Tural Abbaslı sabiq daxili işlər naziri İ.Həmidovla aralarında baş verən narazılığı belə izah etdi: “O bildirdi ki, T.Abbaslı hərəkata daxil olmayan partiyaların rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Sonra dedi ki, guya mən müsahibələrimdə yaşlı siyasətçilərin geri çəkilməsini istəmişəm. Mən də ona cavab olaraq dedim ki, hərəkatın əsasnaməsində bu cür hallara görə xaricedilmə nəzərdə tutulmayıb. Kiminlə görüşürəmsə, qərarı özüm verirəm, hər bir partiya rəhbəri bunu edə bilər. Burada gizli nə var ki? Ağ Partiyanın başqanıyam, hansısa hərəkatın adından çıxış etməyə ehtiyacım yoxdur. Müsahibələrimdə dediyim fikirlər də xaric edilməyimə səbəb ola bilməz. Onun arqumentləri absurd idi, heç cür əsaslandıra da bilmirdi. İsgəndər Həmidovla aramda gərginlik yaşandı. Səsvermə zamanı onun təklifi keçmədi”.
T.Abbaslı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatından xaric edilməsini belə izah etdi: “Səbəb onun fəaliyyətinin Xalq Hərəkatına ziyan vurması göstərilib. Konkret olaraq fikir bundan ibarət idi ki, ikigedişli fəaliyyət ziyanlıdır, ona görə də N.Pənahlı xaric edilməlidir, bu da səsverməyə çıxarılaraq qəbul olundu. Mən isə bu məsələdə bitərəf qalmışdım”.
Nemət Pənahlı isə “Bakı-Xəbər”ə verdiyi açıqlamada yaxın zamanda bu mövzuda geniş açıqlama verəcəyini bildirdi: “Hələlik gedən prosesləri cəmiyyətin müzakirəsinə buraxıram. Çünki hər şey çəkilib detallarına qədər ortadadır. İstəyirəm ki, fikirlər aydınlaşsın. Sonra mən öz mövqeyimi ortaya qoyacam. Yarandığı gündən mənim AXH-nin idarə heyətindəki fəaliyyətim göz qabağında olub. Bundan əvvəl mənimlə bağlı müzakirəni qapalı keçirdilər. Həmin iclas o günkündən qat-qat iyrənc idi. Uduşları onda oldu ki, həmin iclasın gedişini xalqdan gizlədə bildilər. Son iclası isə mənim iştirakım olmadan keçirdilər. Bir faktı deyim ki, hətta faşist və bolşeviklər belə addım atmayıblar. Hətta edam hökmünü belə, şəxsi dinlədikdən sonra verirlər. İlahi ədalət hər şeyi öz yerinə qoyur. Əminəm ki, mənim iştirakımla keçirilən birinci toplantı ayın 1-də olan kimi cəmiyyətə təqdim olunsaydı, xalq onları daş-qalaq edərdi. Oradakı qalmaqal da bu səbəbdən yaranıb. Bəzi siyasətçilər mütləq mənada mənim həmin tədbirdə iştirakımın vacibliyini vurğulayırdılar. Əslində, birinci iclası da mənsiz keçirmək istəyirdilər. Sadəcə, etiraz ciddi olub deyə bacarmayıblar. Onlar bilsəydilər ki, zərrə qədər haqlıdırlar, bunu gizli etməzdilər. Mənim qurumdan çıxarılmağımla bağlı sifarişin kimdən gəldiyi barədə yaxın günlərdə açıqlama verəcəm”.
Məhəmmədəli QƏRİBLİ