Türkiyədə martın 31-də baş tutan bələdiyyə seçkilərinin nəticələri ciddi mübahisələrə səbəb olub. Baki-xeber.com xəbər verir ki, əsasən Ankara və İstanbulda səsvermənin nəticələri qalmaqala yol açıb.
Rəsmi açıqlanmayan nəticələrə görə, hakim AKP böyük şəhərlərdə müxalif CHP-yə uduzub.
İzmir, Ankara və İstanbulda CHP namizədləri gəlib gəlib.
AKP CHP-nin qalib gəldiyi Ankara və İstanbulda saxtakarlıqların olduğunu deyir. Türkiyə mediası bildirib ki, CHP namizədi Mansur Yavaş Ankarada qələbə çalıb. Ancaq Ankarada seçki məntəqələrinin bir çoxunda qanunsuzluqlar aşkarladıqlarını bildirən AKP-nin baş katibi Fatih Şahin, bununla bağlı əllərində çox ciddi faktların olduğunu deyib. "Ankarada səs verilən 12 158 səsvermə qutusunun bir çoxunda etibarsız səslər və saxtakarlıq aşkar etmişik. Qanuni haqlarımızı sonuna qədər tələb edəcək, ankaralı seçicilərin iradəsinin oğurlanmasına izin verməyəcəyik" - AKP nümayəndəsi deyib.
AKP seçki qutularının büyük bir bölümünün nəticələrilə bağlı etiraz edəcəklərini və nəticənin onların xeyrinə dəyişəcəyini gözlədiklərini bildirir. AKP-nin Ankara idarəsinin sədri Hakan Han Özcan bildirib ki, seçki hələ bizim üçün bitməyib.
Tərəflər arasında ən gərgin mübarizə isə İstanbulda gedib və hələ də davam edir. Həm AKP, həm də müxalif CHP İstanbulda qələbə elan edib. Səsvermənin nəticələrinə görə, CHP namizədi Əkrəm İmamoğlu 48,79 faiz səslə qalib gəlib, AKP namizədi Binəli Yıldırıma isə seçicilərin 48,51 faizi səs verib.
Ancaq bununla razılaşmayan hakim partiya İstanbulda bir çox seçki pozuntularına dair dəlillərinin olduğunu, Binəli Yıldırıma verilmiş səslərin müxalif namizədlərə yazıldığını iddia edir. Və bununla bağlı bir sıra sənədlər də açıqlayıb. AKP Binəli Yıldırıma verilmiş 17 410 səsin müxalif namizədlərə yazıldığını bildirir.
320 minə yaxın səs etibarsız sayılıb. Binəli Yıldırım etibarsız sayılan səslərin çox olduğuna diqqət çəkərək qalibin dəyişə biləcəyini deyir. “Səslərin hesablanması prosesi davam edir və elə görünür ki, Cümhuriyyət Xalq Partiyasından olan rəqibim Əkrəm İmamoğlu məndən 25 min çox səs toplayıb. Lakin 320 minə yaxın etibarsız səs var. Əgər səslər yenidən hesablansa, nəticə dəyişə bilər”, - deyə Binəli Yıldırım bildirib.
CHP-li namizəd Əkrəm İmamoğlu isə, “haqqını heç kimə yedirməyəcəyini” deyib. Partiya üzvlərini seçki komissiyalarına çağıran Ə.İmamoğlu, İstanbulda bütün etibarsız səslərin yenidən sayılması ehtimalına qarşı olduğunu dilə gətirib.
Göründüyü kimi, hər iki namizəd Binəli Yıldırım və Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsini qazandığını iddia edir. Son qərarı isə Ali Seçki Komissiyasının verəcək.
Tahir TAĞIYEV