Türkiyədə bələdiyyə seçkilərində hakim AK Partiyası 2001-ci ildə təsis olunandan bəri ilk dəfə olaraq paytaxt Ankarada nəzarəti itirib.
Baki-xeber.com xəbər verir ki, İstanbulda mübahisəli vəziyyət yaranıb. Həm AKP, həm də müxalif CHP Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi İstanbulda qələbə elan edib. Bununla yanaşı, AKP İstanbulda bir çox seçki pozuntularının olduğuna dair dəlillərinin olduğunu bildirib.
CHP-nin namizədi Mansur Yavaşın Ankarada açıq-aydın qələbə çaldığı açıqlanıb.
"İnsanlar demokratiya lehinə səs verdi, onlar demokratiyanı seçdi” – deyə müxalifət lideri Kamal Kılıçdaroğlu bildirib və dünyəvi CHP partiyasının Ankara və İstanbulun nəzarətini AKP-dən aldığını açıqlayıb. Partiya Egey dənizinin sahilində yerləşən İzmir şəhərinə nəzarəti də qoruyub saxlaya bilib.
AKP-nin İstanbul idarəsinin sədri Bayram Şenocak isə seçkidə saxtakarlıq olduğunu iddia edib. O, Binəli Yıldırıma verilmiş səslərin CHP namizədi Əkrəm İmamoğluna yazıldığını deyib: “Açıq şəkildə deyirəm; İstanbulda nəticəyə təsir edəcək şəkildə saxtakarlıqlarla bağlı əlimizdə kifayət qədər faktlar var. Əlimizdəki faktlar güvənirik. Saxtakarlıqları sübut etməyə hazırıq. Istanbuldakı nəticələrə gəldikdə, bizə görə AKP və Binəli Yıldırımı qalib gəlib”.
Ankarada da, CHP-nin qalib gəldiyini bildirilsə də, AKP şəhər boyu bəzi bələdiyyələrdəki nəticələrə etiraz edəcəklərini və nəticənin onların xeyrinə çevriləcəyini gözlədiklərini bildirib.
AKP-nin baş katibi Fatih Şahin Ankarada səs verilən seçki məntəqələrinin bir çoxunda etibarsız səslər və qanunsuzluqlar aşkarladıqlarını bildirib. Fatih Şahin bununla bağlı əllərində çox ciddi faktların olduğunu deyib. "Ankarada səs verilən 12158 səsvermə qutusunun bir çoxunda etibarsız səslər və saxtakarlıq aşkar etmişik. Qanuni haqlarımızı sonuna qədər tələb edəcək, ankaralı seçicilərin iradəsinin oğurlanmasına izin verməyəcəyik" - AKP nümayəndəsi deyib.