Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün Vyanada baş tutan danışıqlar Azərbaycanın məsələ ətrafında mövqeyinin kifayət qədər güclü və tam konstruktiv olduğunu bir daha isbata yetirdi.
Xatırladaq ki, məhz Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin uzun müddətdən sonra ilk rəsmi görüşü keçirilib. Liderlər təkbətək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə 3 saata qədər müzakirə aparıblar. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə qısa müsahibəsində nəticələr və prosesin bundan sonrakı inkişafına dair mühüm detallar barədə vacib məqamalara toxundu.
Dövlət başçısı bildirib ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib: “Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar, uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib…Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”. İlham Əliyevin bu fikirlərindən ortaya çıxan nəticə bir daha göstərir ki, Ermənistanın “Qarabağdakı separatçıları danışıqlara tərəf” kimi daxil etmək və “formatı dəyişmək” cəhdləri tam sıradan çıxıb. Aydındır ki, Ermənistanın “format dəyişikliyi” tezisini müzakirə masasına çıxarmaqla problemin mahiyyətini arxa plana keçirmək və həll prosesini uzatmaq istəyi var idi. Lakin rəsmi Bakının məsələyə müdaxiləsi işğalçı ölkənin bu planının artıq sıradan çıxdığını göstərir. Azərbaycanın Vyanada bir daha Ermənistan üzərində diplomatik uğura imza atmasını İrəvanda da açıq etiraf edirlər. Məsələn, erməni ekspert Karen Bekaryan bildirir ki, faktiki olaraq, Vyana və Sankt Peterburq razılaşmaları yenə Vyanada dəfn edildi. O, görüşdən sonra ortaya çıxan sualların az olmadığını deməklə, onları sadalayıb: "Görüş faktı və həmsədrlərin müsbət bəyanatı alqışa layiqdir. Danışıqlar davam edir, istənilən danışıq daha yaxşıdır, nəinki... Müsbət fikirlər, faktiki olaraq formalaşacaq - formalaşan humanitar məsələlərlə bağlı müsbət proseslər və sair var. Lakin Vyanada, faktiki olaraq, Vyana və Sankt Peterburq razılaşmaları deyilən sənədə birbaşa istinad edilməsi dəfn olundu. Bununla yanaşı ortaya çıxan suallar da az deyil. 1. Paşinyan yalnız Ermənistan adından danışmağa nail oldu? 2. Qarabağın danışıqlar masasına qayıdışı barədə hər hansı söz və ya kəlmə olmadı. 3. Paşinyanın danışıqlar masasındakı mövcud prinsiplərdən və elementlərdən razı qaldığını demək olarmı? Bu məsələ qapalı vəziyyətdə nəzərdən keçirilirmi? 4. Danışıqların nəticəsini Əliyev də Paşinyanın dediyi kimi açıqlayacaqmı? Problemlərin sayını artırmaqa ilkin dəyərləndirmə artıq məlumdur. Azərbaycan istəyinə nail olur və bu məsələdə onu dəstəkləyənlərin də sayı artır".
Respublika Pariyasının sədr müavini Armen Aşotyan isə diqqəti buna yönəldir ki, həmsədrlər və Ermənistan baş naziri administrasiyasının yaydığı bəyanatlar arasında ən azı iki əhəmiyyətli məzmun fərqi var: “ Əliyevlə Paşinyan arasında keçirilən görüşə münasibət aşağıdakı kimidir: 1. Qarabağın danışıqlar tərəfi olması barədə Paşinyanın vədinə dair hər hansı bir əlamət yoxdur. 2. Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının yerinə yetirilməsinin zəruriliyi barədə xatırlatma yoxdur. 3. Nizamlama prinsipləri barədə xatırlatma yoxdur. Nizamlama üzrə 3 prinsip və 6 elementin aydınlaşdırılması zərurəti üzrə Xankəndidə Paşinyan tərəfindən verilən vədlər nə oldu, anlaşılan deyil. 4. Əliyev tərəfindən müsbət dəyərləndirmə nə ilə bağlıdır...?”.
Burada ekspertlər həm də onu xatırladır ki, hələ Vyana görüşündən əvvəl Minsk Qrupu format dəyişikliyinin əleyhinə ciddi bəyanat verdi. Bu bəyanatdan sonra baş tutan Vyana görüşündə Azərbaycan və Ermənistanın münaqişə tərəfləri olaraq müzakirə aparması da Paşinyanın öz tezisindən imtina etmək məcburiyyətində qaldığını göstərdi.
Beləliklə, Vyana görüşündən sonra bir daha bəlli olur ki, bundan sonra Ermənistan “format dəyişikliyi” tezisini irəli sürə bilməyəcək. Buna cəhd edərsə, ilk olaraq həmsədr ölkələrindən rədd cavabını alacaq və danışıqları pozan tərəf kimi qəbul ediləcək. Digər tərəfdən, İrəvan nəzərə almalıdır ki, elə Vyana görüşü həmsədrlərin və onların timsalında beynəlxalq ictimaiyyətin qəbul etdiyi 3+2 formatında, yəni Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan rəhbərləri arasında baş tutdu. Burada digər çox önəmli məqam da odur ki, artıq Ermənistanın problemin mahiyyətini arxa plana keçirmək niyyətinin də üzərindən xətt çəkilib. Artıq müzakirələr yalnız məsələnin mahiyyəti çərçivəsində həyata keçir ki, bu da ərazilərin qaytarılması və beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını özündə ehtiva edir.
Baş verənləri şərh edən Rusiyanın “regnum.ru” portalı da yazır ki, Azərbaycan Vyanada daha güclü mövqe sahibi olduğunu bir daha nümayiş etdirdi: “Vyananın ən qədim otellərindən birində, “Bristol”da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar baş tutub. ATƏT Minsk Qrupu sammitin keçirilməsi üçün razılaşma barədə martın başlanğıcında məlumat verib, sonra qabaqkı danışıq gündəliyinin, “Madrid prinsipləri”nin göstərildiyi və Qarabağ separtçılarının danışıqlar prosesinə qatılması haqda İrəvanın qaldırdığı məsələ nəzərə alınmaqla danışıqlar formatını dəyişməkdən imtinanın saxlandığı özəl açıqlama ilə çıxış edib. Vyana danışıqları prosedurca adi diplomatik mərasimlə müşayiət olunub: əvvəlcə ATƏT MQ həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsi tənzimlənməsinin irəlilədilməsinin müxtəlif çalarlarını, prezident və baş nazir üçün məsələləri müzakirə edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşüb.
Onların dialoqunun təkbətək formatda üç saatdan çox getməsinə əsasən cürətlə güman etmək olar ki, məzmunu bilinməz qalan gündəlik dolğun olub və ehtimal ki, protokoldan xeyli qırağa çıxıb. Amma tərəflər söhbətin yekunu üzrə mətbuat üçün birgə və ya ayrıca bəyanatdan imtina edib. Paşinyan rastına çıxan jurnalistə “görüşün normal keçdiyi”ni bildirərək, “Bristol” otelini birinci tərk edib. Əliyev də şərhlərdən imtina edərək söz verib ki, “Minsk Qrupu həmsədrləri hər şeyi söyləyəcəklər”. Onlar deyiblər ki, Minsk Qrupunun bəyanatı müsbət ruhda saxlanıb. Amma başqa şey də var. Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib ki, Bakı “Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ qətnamələrinə, Helsinki Yekun aktı və beynəlxalq hüquq normalarına uyğun olaraq mövcud format əsasında tənzimlənməsini dəstəkləyir”.
Əlbəttə, bu yenilik deyil, amma növbəti dəfə təsdiqləyir ki, durumun müəyyən siyasi-diplomatik özəllikləri gözə dəyir. Birincisi, danışıqlar prosesi analiz və nəticələrin dəyərləndirilməsi baxımından ATƏT Minsk Qrupuna tapşırılıb. İkincisi, danışıqların özünün xarakterinin müxtəlif şərhləri üçün “imkanlar dəhlizi” yaradılıb, daha doğrusu, qalır. Üçüncüsü, sabit duyum yaranır ki, hər iki lider uzun danışıqlar nəticəsində aralıq nəticəyə nail olub və görüş və danışıqları davam etdirəcəklər. Ola bilsin, onlar həlləri intuitiv yoxlayır, danışıqların son nəticəsi kimi hansı öhdəliklərin arzuedilən olduğu haqda ümumi təsəvvür formalaşdırırlar. Amma bu yalnız gümandır.
Sonra nə olacaq? Çox ehtimal, Minsk Qrupu növbəti Əliyev-Paşinyan görüşünə hazırlıq haqda bildirəcək ki, onlar üz-üzə məqbul həll tapmağa çalışsınlar. Hələlik isə Bakı və İrəvan əldə olan kiçik, amma yenə də müsbət diplomatik baqajı kapitallaşdırmağa, yeni danışıqlar gündəliyini və onun yeni məzmununu yaratmağa sarı hərəkətlənməyə borcludur”. Bunlarla yanaşı, portal yazır ki, Vyana görüşü ilə Bakı məsələnin sülh müstəvisində həllində maraqlı olduğunu bir daha göstərdi və İrəvan bundan yararlanmağı bacarmalıdır. Əks təqdirdə regionda heç də Ermənistana fayda gətirməyən proseslər başlaya bilər.
Beləliklə, Vyana görüşündən çıxan ümumi nəticə budur ki, Ermənistan diplomatik müstəvidə Azərbaycana masada məğlub oldu və münaqişənin yeganə həlli yolu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən keçir. Bu vəziyyətdə işğalçı ölkə Azərbaycanın istədiyi kimi substantiv danışıqlara start verməlidir, əks təqdirdə, münaqişənin çözümünə artıq ordumuzun fəal müdaxiləsi qaçılmaz olacaq.
Cinayətkar aləmin qanunları ilə idarə edilən erməni ordusunun isə Silahlı Qüvvələrmiz qarşısında tab gətirməsi ümumiyyətlə mümkünsüzdür. Elə Avstriyada erməni icması ilə görüşündə Paşinyan özü də bunu etiraf edir və ordularında cinayət qanunlarının hökm sürdüyünü bəyan edir:”Təəssüf ki, cinayət aləmindən ötürülən bu cür münasibətlərə hələ də orduda rast gəlmək olur. Bu bizim ən böyük problemlərimizdən biridir. Təsəvvür edirsiniz, əsgər yoldaşları bir-birilə oturub çörək yeyə bilər və bu zaman elə bir söhbət başlayar ki, biri avtomatı əlinə alıb digərini güllələyir. Artıq bu, özü-özlüyündə orduda böyük bir problemin olduğunu sübut edir”. Məhz belə ordunun Azərbaycanın bir həmləsi ilə darmadağın olması qaçılmazdır. Elə ona görə də hesab edilir ki, Paşinyan artıq Qarabağ məsələsində real addımlar atmalıdır. Özü də nəzərə alaq ki, Vyana görüşü münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verib və İrəvanın bunu layiqincə qiymətləndirməsi Ermənistanın özü üçün çox önəmlidir. Bakının istəyi isə danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasıdır. Bunun üçün, nəhayət, substantiv danışıqların aparılması reallıqda özünü göstərməlidir. Vyana görüşü bu məsələdə yaxşı başlanğıc sayıla bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.