Azərbaycan və Ermənistan dövlət başçıları arasında Vyanada keçirilən görüşə beynəlxalq dairələrin, nüzulu təşkilatların münasibəti müsbətdir. Görüşdən dərhal sonra BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan görüşü alqışlayıb. Bu barədə BMT baş katibi sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilib.
Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparılması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayıb. O, həmçinin, atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayıb.
Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirib və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edib. Bunun ardınca digər nüzulu qurum olan Avropa İttifaqı (Aİ) Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü ümidverici hesab edib.
Bu barədə Aİ-nin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Azərbaycan və Ermənistan rəhbərlərinin atəşkəs rejiminin gücləndirilməsinə və sülhə xidmət edən əlverişli şərait yaradılmasına sadiqliyi, eyni zamanda, konkret nəticələrə yönəlik danışıqların davam etdirilməsi istiqamətində addımlar atmağa hazır olmalarını bəyan etmələri ümidvericidir. Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, əhalinin sülhə hazırlanması ilə bağlı iki ölkənin XİN rəhbərləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbrsizliklə gözləyir.
Qeyd edək ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.
Beynəlxalq qurumuların danışıqlara müsbət reaksiya verməsinə baxmayaraq, Ermənistan ictimai rəyində bu mövzuya bir basqının olduğu müşahidə edilir. Onların mediası, siyasiləri, hətta dövlət rəsmiləri danışıqların Ermənistanın ziyanına olduğu və heç bir perspektiv vəd etmədiyi barədə məlumatlar yayırlar. Ermənistanın daxili rəyindəki bu narahatlıq nə ilə bağlıdır və beynəlxaq qurumların Vyana görüşünə verdiyi dəstək yaxın perspektivdə məzmunlu danışıqların başlanmasına necə təsir edəcək?
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Vyanada baş tutan görüşdən sonra reallıqları cəmiyyətə çatdırdı: “Prezidentin verdiyi açıqlamada iki məqam xüsusilə əhəmiyyətlidir. Bunlardan biri Dağlıq Qarabağ konfliktinə dair Ermənistan baş naziri Nikol Paşiyanla, demək olar ki, ilk müzakirədir. Düzdür, buna qədər görüşlər olub, amma bu təmaslar ayaqüstü olub. Hesab edirəm ki, Vyana görüşü əvvəlkilərdən köklü şəkildə fərqlənir. Buna qədər Paşinyan bəyan edirdi ki, Qarabağ separatçıları adından danışmayacaq, onların özləri danışıqlar formatına qatılmalıdırlar. Vyana görüşü ilə Paşinyanın bəyanatı faktiki puça çıxmış oldu. Real olaraq Paşinyan məcbur oldu ki, Azərbaycan dövlət başçısı ilə danışıqlarda iştirak etsin və Qarabağ konfliktinin müzakirəsinə qatılsın. Təbii ki, danışıqlar prosesinin formatı dəyişilməz olaraq qaldı. Prezident İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, danışıqlar prosesinin formatını dəyişmək olmaz, bununla bağlı beynəlxalq strukturların da qərarı var. Əgər bura üçüncü tərəf cəlb olunursa, bu, Azərbaycanın razılığı ilə ola bilər. Azərbaycan isə buna razılıq verməyib. Bu görüş, faktiki olaraq, Paşinyanın danışıqlar formatını dəyişmək məqsədilə atdığı addımları puç etdi”.
Fikrət Sadıqova görə, görüşün müsbət tərəfi ondan ibarətdir ki, ilk dəfə Ermənistanın yeni baş naziri ilə problem ciddi müzakirə edilib: “Eyni zamanda, erməni tərəfinə Azərbaycanın qəti və prinsipial mövqeyi çatdırılıb. Yəni Paşinyan başa düşdü ki, işğal edilən torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və onu azad etməyənə qədər heç bir irəliləyiş ola bilməz. Prezident qeyd etdi ki, bu, danışıqlar prosesinə yeni impuls verdi. İlk dəfə danışıqlar prosesində biz erməni tərəfini bu formatda hərəkət etməyə məcbur etdik. Onlar müxtəlif ziddiyyətli bəyanatlarla çıxış edirdilər, bəyan edirdilər ki, danışıqlarda iştirak etməyəcəklər, prosesə üçüncü tərəf cəlb edilməlidir və s. Amma onların bu məqsədi alınmadı. İlk görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində effektiv addımlar olmalıdır. Çünki bu addımların nəticəsində dövlət başçılarına problemin həllinə dair təkliflər hazırlanıb verilməlidir. Bu baxımdan da beynəlxalq qurumların verdikləri qiyməti də real saymaq olar. Perspektiv üçün ümidlər var. Ermənistanın isə Vyana görüşünə aqressiv münasibət bəsləməsinin kökündə mövqelərinin nəzərəçarpacaq dərəcədə sarsılması durur”.
Məhəmmədəli QƏRİBLİ