Seyid Camal Əzimbəyli: “Təbii ki, burada sərt qanunların tətbiqinin acı nəticələri özünü göstərir”
Son illər İranda alkoqolizm problemi daha qabarıq şəkildə özünü göstərir. Məlum olduğu kimi, ölkədə spirtli içkilərdən istifadə edilməsi qadağan edilsə də, saxta yolla hazırlanmış bu növ içkilərdən istifadə edənlər durmadan artır. Məsələ ondadır ki, son vaxtlar belə içkilərdən zəhərlənənlərin sayı artır. Rəsmi məlumata görə, bu şəxslərin əksəriyyəti metanol spirtindən, digərləri də kustar üsulla hazırlanan spirtli içkidən zəhərlənir.
Bu arada İranda spirtli içkilərdən daha 10 nəfər ölüb. Bunu mətbuata açıqlamasında İranın Təbriz Tibb Elmləri Universiteti rektorunun müavini Höccət Purfəthi deyib. Onun sözlərinə görə, iki ay ərzində 240 nəfər spirtli içkilərdən zəhərlənmə nəticəsində Təbrizin Sina xəstəxanasına müraciət edib. Rektor müavini əlavə edib ki, 3 nəfər görmə qabiliyyətini itirib, bir neçə nəfər insult keçirib və reanimasiya şöbəsinə yerləşdirilib: “Təbrizdə spirtli içkilərdən zəhərlənmə nəticəsində xəstəxanaya müraciət edənlərin vəziyyəti ağırdır”.
Bütövlükdə, İranda spirtli içkilərə marağın artmasını bəzi beynəlxalq qurumlar da qeyd edirlər. Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı məlumat yaymışdı ki, İranda hər istifadəçi orta hesabla ildə 25 litrə yaxın spirtli içki qəbul edir. Bu isə Rusiyada, Almaniyada və ya İngiltərədə spirtli içki istifadəçisi olan insanların qəbul etdikləri alkoqolun miqdarından daha çoxdur.
Təxminlərə görə, İranda il ərzində 420 milyon litr spirtli içki istehlak edilir. Rəsmi rəqəmlərə görə, hər il qaçaq yolu ilə İrana 60-80 milyon litr alkoqollu içki gətirilir. Ölkədə istehlak edilən spirtli işkilərin böyük hissəsi gizli şəkildə evlərdə hazırlanır.
İranda alkoqollu içkilərin qadağan edilməsinə baxmayaraq, bəzi evlərin zirzəmilərində alkoqollu içkilər istehsal edilir. İran qanunlarına görə, alkoqollu içki istehsal edən, alan və ya satan şəxslər 6 aydan 1 ilə qədər azadlıqdan məhrumetmə və ya 74 qamçı, içənlər isə 80 qamçı cəzası ilə cəzalandırılır.
Bütün hallarda, İran kimi islam qanunları ilə idarə olunan ölkədə spirtli içkiyə olan belə maraq böyük təəccüblə qarşılanır. O baxımdan maraqlıdır, bu ölkədə nə baş verir? Bütün bunlar nədən qaynaqlanır?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, İran cəmiyyətində yaşanan belə sosial problemlər həqiqətən də insanı təəccübləndirir və eyni zamanda narahat edir: “Əvvəla biz istərdik ki, İran İslam Respublikasında hər zaman sabitlik olsun və islamın gətirdiyi prinsiplər, olduğu kimi, insanlar içərisində öz əksini tapsın. Təbii ki, biz də bir iman, təqva adamı olaraq, müsəlman dünyasının bir parçası olan İranda belə halların baş verməsini təqdir etmirik. Hesab edirəm ki, islamın gətirdiyi qaydalar, təməl prinsipləri insanlar arasında doğru və düzgün aşılandıqda, insanların Qurana və islama bağlılığı daha da möhkəmlənir. Görünür, hardasa iman və təqvadan ayrı düşməyin nəticəsidir ki, İran cəmiyyətində belə xoşagəlməz hallar yaşanır. Bir məqamı qeyd edim ki, Azərbaycan dünyəvi ölkə olsa da, ölkəmizdə milli-mənəvi dəyərlərimiz hər zaman xalq və dövlət tərəfindən mühafizə olunur. O baxımdan hesab edirəm ki, doğrular olduğu kimi aşılanmadıqda, bu, cəmiyyətdə daha böyük fəsadlara yol açır. Hesab edirəm ki, problemin bir kökünü də burada axtarmaq lazımdır. Düşünürəm ki, özünü islam təəssübkeşi kimi tanıtmağa cəhd edən bir ölkədə islamın doğru həqiqətləri, gətirdiyi qaydalar, görünür, daha sərt şəkildə aşılandıqca, islamın həqiqi bütövlüyü və islamın gətirdiyi qaydalar gözlədiyimiz nəticəni vermir. O baxımdan, təbii ki, burada sərt qanunların tətbiqinin acı nəticələri özünü göstərir. Yəni yaşanan problemin kökündə bu amillər də dayanır. Bütün hallarda, düşünürəm ki, bu, cəmiyyətdə ciddi bir sosial problemdir və bu barədə ciddi düşünmək lazımdır”.
Vidadi ORDAHALLI