Azərbaycan və İsrail arasında dərinləşən hərbi əməkdaşlıq yenə Ermənistanda ciddi narazılıq və narahatlıq yaratmaqda davam edir. Hərbi əməkdaşılğa dair yayılan son məlumatlara Ermənistanda verilən reaksiyalar da bunu təsdiq edir. Məlumatlara görə, İsrail silahları idxal edən ölkələr sırasında Hindistan və Gürcüstandan sonra Azərbaycan 3-cü yeri tutur. Təkcə 2017-ci ildə İsrail Bakıya 170 milyon dollarlıq silah çatdırıb.
Ordumuz, həmçinin, hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan İsrail istehsalı “Barak-8" zenit raket komplekslərinə də malikdir. İsrailin ən böyük şirkətlərindən olan “Elbit Systems" Azərbaycan ordusunun T-72 tanklarının böyük bir partiyasını da modernləşdirib. İsrail Bakıya, həmçinin, müasir 120 millimetrlik CARDOM minaatanları da ixrac edir. Bu minaatan müasir atəşin idarə olunması sisteminə, naviqasiya blokuna, avtomatik yönləndirmə sisteminə və özünəməxsus güc qurğusuna malikdir. Başqa adı ilə “Raduqa” adlandırılan bu minaatan müxtəlif tipli zirehli texnikaların döyüş bölməsində yerləşdirilmək üçün yararlıdır.
Bundan başqa, Azərbaycana yarım dəqiqə ərzində minalanmış sahələrdə 50 metr uzunluğunda və 1.5 metr enində keçid zolağı açmaq qabiliyyətinə malik olan minadan təmizləmə POMINS-2 kompleksləri də ixrac edilib. Azərbaycanın İsraildən “Storm" avtomobillərini də aldığı qeyd olunur. Rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, mediada “Dəmir qübbə" raket əleyhinə komplekslərə də sahib olduğumuz vurğulanır. Qeyd edək ki, “Dəmir qübbə” istənilən operativ-taktiki raket kompleksıləri, o cümlədən Rusiya istehsalı olan “İsgəndər” komplekslərinə qarşı kifayət qədər effektiv mübarizə aparır.
Müxtəlif mənbələrin məlumatlarına əsasən, hərbi məhsulların ixracatının tərkibində ən müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən fəaliyyət radiusu 1000 kilometrə çatan ən yeni zərbə modifikasiyaları əhəmiyyətli yer tutur. İxracatına 2015-ci ildə başlanmış ən güclü İsrail dronlarından biri lisenziya əsasında Azərbaycandakı zavodlardan birində istehsal edilir. Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən eyni zamanda gecə müşahidəsi cihazları və elektron nişanalma sistemləri alınıb. İsraildən müdafiə məqsədli kibernetik sistemlərin ixracatı perspektiv istiqamət hesab oluna bilər. Çox ola bilsin ki, yaxın zamanlarda çoxprofilli uçuş aparatlarının istehsalı üzrə Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin “Aeronautics” konserni arasında müqavilə gerçəkləşsin.
Bildirilir ki, Azərbaycan ordusunun sərəncamına İsraildə istehsal edilmiş “Green Pine” raket əleyhinə radiolokasiya sistemi də verilib. “Israel Aerospace Industries” konserninin törəmə strukturu olan “ELTA Systems” şirkəti tərəfindən istehsal olunan bu mobil radiolokasiya sistemi avtonom şəkildə rəqib tərəfindən radioelektron mübarizə vasitələrindən istifadə edildiyi şəraitdə onlarla taktiki ballistik raketi izləmək və aşkar etmək üçündür.
Azərbaycanlı hərbçilər İsrail istehsalı olan B-300 qumbaraatanı ilə təchiz olunublar ki, bu silah 400 mm-ə qədər qalınlığı olan homogen zirehi dəlib keçmək qabiliyyətinə malikdir. Eyni zamanda, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spayk” çoxfunksiyalı raket kompleksləri də Azərbaycana ixrac olunur. 2016-cı ildə Britaniyanın “Military Balance” illik nəşri məlumat verib ki, Azərbaycana İsrailin istehalı olan beş ədəd 155 millimetrlik özüyeriyən “ATMOS 2000” artilleriya qurğusu ixrac edilib. “Tatra T815 VVN 6x6” şassisində bu özüyeriyən sistem canlı qüvvənin, artilleriya batareyalarının, uzunmüddətli atəş nöqtələrinin vurulması, həmçinin minalanmış ərazilərdə və səhra sədlərində keçidlərin təmin edilməsi üçündür.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq Ermənqistanda yenidən ciddi narahatlıq yaradıb. Yayılan məlumatları şərh edən erməni hərbi ekspert Ruben Tovosyan vurğulayır ki, İrəvanın bütün cəhdlərinə rəğmən, İsrail Bakı ilə hərbi əməkdaşlığı genişləndirir: “Azərbaycan İsraildən ən müasir silahlar alır və bununla hərbi üstünlüyünü artırır. Biz bu prosesi dayandırmaqda acizik. İsrail üçün Ermənistanla deyil, Azərbaycanla əməkdaşlıq daha önəmlidir. Ermənistan Azərbaycanla İsrail dövləti arasında əməkdaşlığa son qoyulmasını istəyir. Amma görünən budur ki, İsrail Azərbaycanın dostu, həm iqtisadi və siyasi, həm də təhlükəsizlik məsələləri üzrə onun strateji tərəfdaşıdır”.
Xatırladaq ki, iki ölkə arasında indiyə qədər dəyəri 5 milyard dollara yaxın hərbi sazişlərin imzalanması nəticəsində Azərbaycan İsraildən ən müasir hərbi texnologiyalar ala bilib. İsrail-Azərbaycan hərbi əməkdaşlığının Ermənistan tərəfindən tənqid edilməsi isə İrəvan üçün hansısa nəticə vermir. Bakı ilə Təl-Əviv açıq şəkildə bəyan edirlər ki, Azərbaycan və İsrail dostlarını, tərəfdaşlarını üçüncü ölkələrin mövqeyindən asılı olmayaraq özləri seçir. Eyni zamanda, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir. Bu fonda Ermənistanın bu əməkdaşlığa qarşı cəhdləri də bəri başdan iflasa məhkumdur.
Nahid SALAYEV